27 Oktyabr 2021 13:21
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda uşaqlar arasında müxtəlif virus infeksiyaları, o cümlədən, koronavirus infeksiyası yayılıb. Məktəblərin fəaliyyətinin ənənəvi qaydada bərpa olunduğunu nəzərə alsaq, başlıca virus mənbəyi təhsil müəssisələridir.

Bunu Teleqraf.com-a açıqlamasında pediatr Aytən İsmayılzadə deyib.

Pediatrın sözlərinə görə, məktəblərdə virusla mübarizə tədbirləri düzgün təşkil olunmayıb: “Məsələn, bir uşaq özünü pis hiss edir və dərsə gəlməməsi tövsiyə edilib. Hərarəti yoxdursa, dərsə gələ biləcək. Bəlkə COVID infeksiyası onda hərarətsiz keçir? Bu halda o yoluxdurucudur.

Ona görə hər həftə məktəb daxilində yaxma götürülməlidir. Necə ki, dövlət əhəmiyyətli yerlərdə (Vergilər Nazirliyi, DİN və sair) belə tədbirlər görülür. Məktəblərdə siniflərin dalğavarı bağlanıb açılmasındansa, profilaktik tədbirlər düzgün qurulmalıdır. Hər gün hərarət ölçməkdənsə hər həftə yaxma götürülməsi vacibdir. Çünki hərarət olan günü deyil, ondan bir neçə gün əvvəl artıq həmin uşaq virus daşıyıcısıdır”.

Hərarəti aşağı olan uşaqlardan COVID testinin götürülməməsini yanlış hesab edən pediatr test qiymətlərinin də baha olması mövzusuna toxunub: “Dövlət xəstəxanaları uşaqlardan yaxma götürmür, özəl klinikalarda isə yaxma qiyməti çox bahadır, 60-70 manat arasında dəyişir. Praktik olaraq xəstələrdən heç kimi yaxma verməyə göndərə bilmirəm. Dövlət xəstəxanalarından gəlib test götürəndə valideyn istəmir.

Xəstə olduqda influenza (qripp A) uçun də yaxma götürülməsi vacibdir. Bu, bizdə utopik görünsə də əhəmiyyətlidir. Uşaqlara analizlər üçün özəl klinikalarda da çox güzəştli olmalıdır. Uşağa qanın umumi, yaxud çek-ap analizi təyin etmək vacibdir. Bu, ən azı 30 manat arasında dəyişir. Hər valideyn bu məbləği ödəyə bilmir. Tək imkanı olan xəstələnmir ki...

Qeyri-özəl xəsətəxanalarda doğru-düzgün edilmir. D-dimer analizi ümumiyyətlə yoxdur. Özəl klinikada isə çox bahadır. Yaxınlarda klinikamızda 3 yaşlı uşaqda D-dimer 4000 üzəri rastlandı. Amma onun analizini hər kəs edə bilmir. Rəsmi qurumlar özəl səhiyyə müəssisələrinin qiymətinə qarışa bilmir. Onda dövlət müssisəsi lazımı avadanlıq və personalla təmin olunsun”.

Mütəxəssis hesab edir ki, uşaqlar üçün dərmanlar pulsuz olmalıdır: “Xəstəxanalardan deyilənə görə, dövlət “kroven” (immunoqlobulin) verir, amma bu, hamıya çatmır. Bəlkə çatışmazlığın başqa səbəbi var. Amma bilin ki, dövlət immunoqlobulini xəstəxanalara verir.

Valideyn onu 100-130 manata almalı olur. İmmunoqlobulin virus ağırlaşmasında təyin olunur. Yaxşı da təsir edir. Düşünürəm ki, 12 yaş üzəri peyvəndləməyə çağırışdan öncə bu kimi problemlər həll edilməlidir”.


Müəllif: Aysel Azad