28 Oktyabr 2021 10:08
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çoxlarınız bilir ki, Dövlət Komitəsi dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabının idxalına izacə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsi olub.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirinin “İslamda yoxdur” kitabı haqqında danışarkən deyib.

Gündüz İsmayılov qanun və vicdanı qarşısında rahat olduğunu deyib: "Çünki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Zatən bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri seyidləri iblislə müqayisə etməklə düz edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaq başı Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm".

Komitə rəsmisinin sözlərinə görə, Elşad Miri Quranı təcrümə etsə də, ərəb dilini bilmir: “Elşad Mirinin iddialarına ciddi, səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazımla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəcübləndim.
Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib.
Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz, dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən?!
Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.

Allah sizə rəhmət eləsin, Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiz”.


Müəllif: Aysel Azad