29 Oktyabr 2021 14:45
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Epidemioloji dalğa deyilən hadisə avqust ayının sonuna təsadüf etdi. Bir aya yaxın davam edən rəqəmlər 5 000-ə qədər çatdı. Daha sonra yoluxma sayında enmə müşahidə olundu. İndi isə bu say 2 000-ə qədər yüksəlib. Hazırkı vəziyyət dalğa deyil, bazal dəyərlərdir. Hazırda dünyadakı epidemioloji vəziyyətlə, virusun yayılma xüsusiyyətinə baxdıqda, bazal dəyərlərlə qarşı-qarşıyayıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı, dünya ekspetləri istər dünya ölkələri, istərsə də ölkəmiz üçün daha böyük yoluxmalar qarşısında hazırlıqlı olmaq xəbərdarlığını edirlər: “Əlbəttə ki, arzumuz bunun olmamasıdır. Amma əfsuslar olsun ki, sadəcə arzu və istək üzərinə deyil, dünyada var olan hadisəyə qarşı həm dövlət, həm cəmiyyət olaraq hazırlıqlı olmaq məcburiyyətindəyik. Əgər bazal dəyərlərimiz budursa, qarşıdakı aylar ərzində ehtimal oluna biləcək yeni dalğa ilə qarşılaşdığımız zaman rəqəmlərimiz düşündüyümüzdən qat-qat yüksək ola bilər.

Cəmiyyətdə düşüncə var ki, bir il əvvəlki kimi tam qapanma gündəmə gələcək. Xeyr, dünya olaraq öyrəndik ki, bu şəkildə qapanmalar tətbiq olunmayacaq. Bunun yerinə rəqəmlərin nəzarətdən çxıdığı zaman əsasən yoluxmanı kontroldan çıxara biləcək məkanlar qapadıla bilər. Bunlar haralardır? Tədris müəssisələri. Nə qədər çətinlik yaratsa da, ölkədə əyani təhsilə uyğunlaşmış distant təhsil mexanimi qurulub.

İaşə obyektlərində daha böyük təcrid ehtimalı lazım bilinəndə insan təhlükəsizliyi üçün tətbiq oluna bilər. Amma bunlar küçəyə çıxmamaq, günlük həyatı davam etdirməmək kimi reallıqları özündə ehtiva etmir. Bu gün sadəcə sənin və mənim məsələm deyil, bizim məsələmizdir. Epidemioloji vəziyyətdə hər birimizin ayrı-ayrılıqda immuniteti güclü ola bilər.

Hər birimiz peyvəndli ola bilərik, amma bu heç də bizim nəzarətdən çıxa biləcək epidemioloji vəziyyət qarşısında digər insanlara xəstəliyi yayma, ölkədəki vəziyyəti gərginləşdirmək üçün imkan verməməlidir.

Qonşu ölkələrdə bunun çətinliklərini yaşayırıq. Bunun üçün də ölkəmizdəki səhiyyə qurumları ola biləcək çətinliklər qarşısında hazırlıqlarını görür”.


Müəllif: Aysel Azad