30 Oktyabr 2021 14:37
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 yaşlı qızın zorakılığa məruz qalması faciədir. Əfsuslar olsun ki, biz müasir dövrdə belə cinayət hallarına rast gəlirik. Əlbəttə, baş vermiş hadisə öz-özlüyündə bir neçə vacib məsələni qabardır. Necə ola bilir ki, 11 yaşında qızın fiziologiyasında, davranışlarında dəyişiklik baş verir və ailə üzvləri bunu hiss etmir, narahat olmur? Adətən analar övladında hər hansı dəyişikliyi, problemi hər kəsdən əvvəl görür və duyur. Ancaq baş vermiş hadisədə biz bunun əksini görürük.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, həm Ailə Məcəlləsində, həm də Uşaq Hüquqları haqqında qanunda birmənalı olaraq valideynin vəzifə və öhdəlikləri qeyd olunub:

“Ailə Məcəlləsində 58.2-ci maddədə göstərilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.2-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Müvafiq olaraq valideyn məsuliyyəti ilə bağlı digər qanunvericilik aktları da mövcuddur. Lakin baş vermiş bu hadisə bir daha valideyn məsuliyyətinin artırılması və tətbiq olunan sanksiyaların sərtləşdirməsi məsələsini aktuallaşdırır. Digər tərəfdən 11 yaşlı uşaq həm də məktəblidir. Uşağın dərsə davamiyyəti, hazırlıq səviyyəsi, psixoloji durumu müəllim, məktəb psixoloqunun diqqətini cəlb edə bilməməsidir. Ona görə də, biz dəfələrlə bu məsələni səsləndiririk ki, məktəb psixoloqlarının sayının artırılmasına, onların bilik və bacarıqlarının yüksəldilməsinə ehtiyac var”.

Komitə sədri hesab edir ki, baş vermiş bu hadisə zorakılıq və cinayət hadisəsidir: “Hüquq-mühafizə orqanları istintaq araşdırmaları aparır, cinayətkar cəzasını alacaq. Ancaq bu məsələ məişət zorakılığı hallarının kriminallaşdırılması məsələsini aktuallaşdırır. Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növlərinin qəbul edilməsinə ehtiyac var. Xüsusilə cinsi zorakılıq faktları ilə bağlı qorxuducu və ağırlaşdırıcı faktlarla yanaşı, azadlıqdan məhrumetmə, əmlakın müsadirə edilməsi və s. əhatə edilməlidir. Artıq böyüklər uşaqlara qarşı zorakılıq törətmək istəsələr, ilkin növbədə bu məsuliyyəti düşünməlidir. Məsələn, Rusiya Federasiyası Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin təklifləri əsasında parlamentə pedofillər üçün ömürlük həbs cəzası nəzərdə tutulan qanun qəbul olunub, O cümlədən, RF CM-in 78-ci maddəsinə əlavə olaraq uşaqlara qarşı törədilən cinayət işi açılmadıqda müddət köhnəliyi bitməyəcək”.

Millət vəkilinə görə, 11 yaşında çox böyük mənəvi, psixoloji, fiziki, fizioloji zorakılığa məruz qalan uşağın sonrakı taleyi, aldığı travmaların müalicəsi, reabilitasiyası uzun sürən prosesdir: “Əlbəttə ki, hamımız düşünməliyik! Çünki bu halların qarşısını almaq üçün hər birimiz məsuliyyət daşıyırıq”.


Müəllif: Tapdıq Qurbanlı