Elnarə Məmmədova: “Bir cəbhədə mübarizə aparacağıq”
Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu-2014” keçirildi. “Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu-2014”ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir-araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir. Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbiri çıxış sözü ilə açan Suraxanı Rayon İcra başçısının müavini Sevinc Hüseynova forumun ölkəmiz və bu sahənin mütəxəsissləri üçün əhəmiyyətindən danışıb. Deyib ki, ölkəmizdə Autizmli uşaqların reabilitasiyası ilə məşğul olan ilk birlik də məhz Suraxanı rayonunda yaranıb.
Eşitmə və nitq məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasında mövcud vəziyyət və onun inkişaf perspektivləri müvəkkil Elmira Süleymanovanın müşaviri Müqalib Mahmudovun çıxışının əsasını təşkil etdi. İnkluziv təhsil sisteminə keçidin bu uşaqlar üçün yaratdığı çətinliklər, kadrların hazırlanmasında diqqət yetirilməli məqamlar ətrafında müzakirə aparıldı. Bu sahə üzrə yaşanan əsas çətinlik, Loqopediya elminin təkmilləşməsi və inkişafı üçün tədrisin təşkili forması da ALF 2014-ün əsas müzakirə mövzusu oldu.
Forumun təşkilatçısı, "Elnaramedia"nın rəhbəri Elnarə Məmmədova hesab edir ki, bu sahədə ciddi və peşəkar addımların atılması üçün birləşmək zamanı gəlib çatıb. “Bu sahədə yaşanan çətinliklərlə əvvəllər hər kəs özü üçün və pərakəndə çalışırdısa, indi bir cəbhədən mübarizə aparacaq. Məhz bu birliyi təmin etmək üçün “Azərbaycan Loqopedlər Forumu-2014”ü təsis etdik. Inkluziv cəmiyyətin təşkili üçün hamımız birləşməliyik. Əlilliyi olan insanlarla cəmiyyətin bu sahədəki aktivliyi bərabərləşdirilməlidir”.
Online video konfrans ilə qatılan (İngiltərə, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna) mütəxəssislərin beynəlxalq təcrübəni bölüşməsi tədbirə xüsusi maraq qatdı.
Cavidan