31 Oktyabr 16:36
1 448

Türkiyəli aparıcı Fulya Öztürk "Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı olan "Fulya" filminin Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasiminə qatılıb.

Fulya Öztürk Teleqraf.com-a açıqlamasında filmin təqdimat mərasiminə qatılmasından məmnun olduğunu deyib: "Bu gün Halil Kahraman ilə Bakıda olmaqdan çox xoşbəxtəm. 44 günlük Azərbaycanın İkinci Qarabağ müharibəsindəki acı və zəfər yolu yaşananların bir sübutudur. Filmə adımın verilməsini istəmədim, amma belə layiq görüldü. Qarabağ müharibəsində gözümün önümdə çox sayda ölən insan, cəsəd gördüm, uşaq, ana, qadın, Azərbaycanda o qədər cəsəd gördüm ki... Mən xaraktercə güclü xanımam, amma ilk dəfə fəaliyyətimdə Bərdəyə hücum zamanı gərginlik keçirdim. Ermənistanın atdığı bombaların canlı şahidi oldum. Bərdəyə hücum edilən zaman bombanın səsini eşitdim, cəsədlərdən hərəkət edə bilmirdim, o zaman əsəblərim tarıma çəkildi. Ermənistanın vəhşiliyini gördüm və dayana bilmədim.

Gəncədə dağıntılar altından uşağın cəsədi çıxdığı anı heç vaxt unutmayacam! Bərdədə yaşadığım qətliamı heç vaxt unutmayacam! Bu film İkinci Qarabağ müharibəsində Ermənistanın uşaq qatili və işğalçı dövlət olduğunu, insanların necə qətl edildiyinin bir sübutudur. İstəyirəm ki, bu filmi bütün dünya görsün. İkinci Qarabağ müharibəsində yaşadığımız acı günlər zamanı axşam otelə gedib, xarici kanalları izləyəndə gördüm ki, dünya kanalları heç nəyi yaymırlar. O günləri unutmuram. Qərara gəldik ki, əgər dünya bunu görmürsə, biz öz kanalımız və sosial media vasitəsilə bütün həqiqəti çatdıracağıq. Bəlkə də Ermənistan Gəncədə mətbuat işçilərinin qaldığı otelə bomba atacaqdı, hədəfi itirdi. Bizim otelin çox yaxınına bomba düşdü. Hadisə yerinə getdik, dağıntılar altından uşaqların cəsədləri çıxarıldı.

Dünya bunu görmədi, yayımlamadı, gözlərini yumdular. Amma zəfər inananlarındır. Bu ölkədə zəfəri gördük və xoşbəxtik ki, zəfər gecəsini də yaşadım. Ermənistan bir qatil dövlətdir, uşaq qatilidir. Qarabağ Azərbaycandır! Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, ailələrinə səbr diləyirəm. Əsas qəhrəmanlar şəhidlər və onların ailələridir".

"Azərbaycanfilm" kinostudiyasının direktoru, rejissor Fariz Əhmədov isə deyib ki, "Fulya" filmi 44 günlük Vətən müharibəsində bir jurnalistin keçdiyi yol və onun gözü ilə hadisələrə baxışdan bəhs edir.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılıb.


Müəllif: Rəqsanə Həsənova