Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun Silahlı Qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayaraq kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də müasir ordunun formalaşdırılması oldu.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ən müasir tələblər səviyyəsində formalaşdırılan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Ordumuz gücünün cüzi bir hissəsini 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt əməliyyatında düşmənin təxribatlarının qarşısını qətiyyətlə alaraq, ona ağır zərbə vurmaqla nümayiş etdirdi. Bu əməliyyatlarda işğalçı ölkənin ordusunu məğlubiyyətə uğradan Azərbaycan Ordusunun bölmələri bir sıra hərbi strateji yüksəklikləri və mövqeləri azad etdi.
2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın populist bəyanatlarının və işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərinin, təxribatçı hərəkətlərinin danışıqlar prosesini dərindən sarsıtdı. Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçmək cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. Bundan sonra avqustda təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Lakin görülmüş tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilib və qrupun komandiri əsir götürüldü.
Təxribatlarının miqyasını və şiddətini daha da artıran Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində həm hərbi qulluqçularımızdan, həm də mülki əhalidən yaralanan və həlak olanlar oldu. Nəticədə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli müasir təminata və yüksək döyüş qabiliyyətinə malik rəşadətli Azərbaycan Ordusu döyüş meydanında əsl peşəkarlıq nümayiş etdirərək, torpaqlarımızın işğaldan azad olunması əməliyyatını uğurla həyata keçirdi. Çətin coğrafi relyefə malik olan ərazilərdə döyüş aparan ordumuz dünya hərb tarixində köhnə ənənələri alt-üst edərək, yeni taktiki hücumun əsasını qoydu. Ermənistan silahlı qüvvələrinin illərdir möhkəmləndirdiyi, “keçilməz” Ohanyan səddi kimi əfsanələşdirdikləri müdafiə xətləri, eyni zamanda, hava hücumundan müdafiə qurğuları qısa zamanda darmadağın edildi.
Döyüş meydanında Azərbaycan Ordusunun qarşısında aciz qalan erməni silahlı birləşmələri müharibə qaydalarına zidd olan addımlar ataraq dinc əhalinin yaşadığı şəhərlərimizi raket atəşinə tutdu. Nəticədə dinc sakinlər arasından ölən və yaralananlar oldu.
Düşmənin bu mənfur addımlarına yalnız döyüş meydanında layiqli cavab verən ordumuz surətlə irəliləyərək torpaqlarımızı işğaldan azad etdi.
Ermənistan ordusunun canlı qüvvəsi, mövqeləri, hərbi texnikaları məhv edilir və qoyub qaçdıqları hərbi texnikaları qənimət kimi götürülüb. Ermənistan ordusunun bir neçə ilə işğal etdiyi torpaqlarımız şanlı Ordumuzun qəhrəman övladları sayəsində cəmi 44 gündə azad olundu.
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 30 illik münaqişəyə son qoyuldu, düşmən diz çökdü, Azərbaycan tarixə ən möhtəşəm qələbə səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqına tarixi qələbəmizlə bağlı müraciətində bildirdiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq”.
Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq salnaməsidir. Bu mübarizədə dövlət, xalq, ordu birliyi bizi Zəfərə daha da yaxınlaşdırdı. Dəmir yumruq kimi birləşən xalqımız hər addımda ordumuzla həmrəyliyini nümayiş etdirərək şanlı Qələbənin əldə olunmasına mühüm töhfə verdi.
Qönçə Alməmmədova
Ədliyyə Nazirliyi Göygöl rayon qeydiyat şöbəsinin aparıcı məsləhətçisi
İkinci dərəcəli ədliyyə qulluqçusu