1933-cü ildə Türkiyənin “Vakit” qəzetində “Ya olmasaydılar” adlı rubrikaya start verilib. “Toplu İğne” tərəfindən həyata keçiriləcək bu rubrikanın ilk yazısı Əhməd bəy Ağaoğluna həsr edilib, qəzetin ilk səhifəsində onun şarjı verilib. Rubrikanın elanı bu şəkildə təqdim olunub: “Toplu İğne tərəfindən “Vakit” üçün hazırlanan “Tanıdığımız çöhrələr” seriyasının birinci yazısı bu gün 4-cü səhifədədir. Onlar ya məşhur olmasaydılar, ya zəkaları qıt olsaydı, bir köşədə qalsaydılar, əcəba necə olardı? Buna cavabı oxuyacaqsınız”.
Qəzet mizah yolu ilə Əhməd bəy Ağaoğlu kimi dövrün şəxsiyyətlərinin məşhur deyil, sadə vətəndaş olduqlarında həyatlarının necə olacağını maraqlı üslubda yazıb. Xüsusilə məqalənin yazıldığı 1933-cü ildə Əhməd bəy liberal düşüncə sahibi olaraq o zamanlar aşırı dövlətçi siyasəti dəstəkləyən “Kadro” jurnalı və onu çıxaran Şövkət Sürəyya Aydemir, Yaqub Qədri Karaosmanoğlu kimi şəxslərlə sərt polemika halında idi və buna görə də məqalə müəllifi onlarla tütüncü Əhməd bəyi qarşılaşdırıb.
Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Türkiyədə sadə vətəndaş olsaydı, necə olardı? Sualımıza cavab tapmaq üçün həmin yazını dilimizə uyğunlaşdıraraq təqdim edirəm:
***
Ya olmasaydılar: 1
Bir Baş mühərrir
Mənim, sizin və bir çoxumuzun tanıdığımız çöhrələr vardır. Onların zəkası, məlumatı və illərcə davam etmiş mücadilələri böyük bir şöhrət bəxş etmişdir. Bir gün bir rəsm görərsiniz, bir gün bir karikaturaya təsadüf edərsiniz, bir gün bir imza gözünüzə dəyər. Bunlar məhz o şöhrət sahiblərinindir. Hacı Bəkirin lokumuna bir başqa çeşni, Hacı Rəcəbin muhalləbisinə xüsusi bir ləzzət verən, Çamlıca üzümünə, Beykoz paçasına, Eyyub Sultan kababına bilənə də, bilməyənə də bir həsrət oyandıran şöhrət onların da adları ətrafında bambaşqa bir halə kimi dayanır...
Mən bəzən düşünürəm: Ya məşhur olmasaydılar, ya zəkaları qıt olsaydı, məlumat ala bilməsəydilər, özlərini göstərməyərək bir köşədə, bir bucaqda susqun və zəif olsaydılar, görəsən nə olardı?
Məsələn, götürək, “Axın”ın Baş mühərririni. Azərbaycanda əcəmcəyi, Rusiyada ruscanı, Parisdə fransızcanı, Maltada ən təbii bir hüququndan istifadə edərkən ilk cümləsini “I am a gentleman!.” şəklində sərf etdiyi ingiliscəni öyrənməyib, qırx qatır yükü kitab oxumasaydı, indi nə iş görərdi, gününü necə keçirərdi?
Ehtimal ki, yenə İstanbula gələrdi. Fəqət gələn kimi Süleymaniyyə İttihad və Tərəqqi klubunda konfrans vermək, Talat bəylə tanış olmaq, Əhməd Rza bəylə söz güləşdirmək və fransızca yazdığı məqalələrinin tərcümə edilmiş surətlərini “Tərcümani-həqiqət” qəzetində nəşr etmək üçün deyil, pədərindən qalmış beş-on pul ilə alış-verişi yolunda gedən bu şəhərdə ticarət etmək üçün...
Məsələn, Şərəf əfəndi küçəsindəki taxta malikanədə siyasətdən danışacağına, Babiali caddəsində (qəzet redaksiyalarının yerləşdiyi məşhur küçə - D.Ə) bir tütünçü dükanı açar, bu dedi-qodu yoxuşundan enib-çıxan siyasilərə, qəzetçilərə, məbus namizədlərə ağıl verəcəyi yerdə tütün, tənbəki, siqaret kağızı, Hicaz markası, müqavilə kağızı kimi şeylər verərdi.
Bəlkə, Hüseyn Cahid bəy siqaretini, Vartan əfəndi tütününü, mərhum Əhməd Rasim siqaret kağızını ondan alardılar. Hələ Tahir Nadi əfəndi (Türk yazıçı və şair. Ərəb və fars dillərini bilirdi – D.Ə) mühəqqəq bu yoldan keçərkən əcəmcəyə olan vaqifliyini bir də bu “azərbaycanlı dükançıya göstərim” deyə əzəldən bəri manikürlü olan əlini ta uzaqdan sallayaraq səslənərdi: “Mirzə Əhməd, yek tənbəki, mihahem!”. Və sürməli gözlərində həcviyyələrini oxuduğu zamanlarda görünən gülüşü ilə aldığı Keşan, İsfahan və yaxud Şiraz paketinin pulunu verərdi.
Hərbiyyə naziri Nazim paşanın Babiali pilləkanlarında bir qəza qurşunu ilə o biri dünyaya gedincəyə qədər dodağından əskik etmədiyi siqaretlərini topdan bu dükandan aldırmayacağı nə məlumdur?
Babiali caddəsində açılmış bir tütüncü dükanında qəzet heç satılmazmı? Hər halda bugünkü “Axın”ın Baş mühərriri o zaman dükanında qəzet də satacaq və bugünkünün əksinə qəzetləri bol-bol satacaqdı. Bu da var ki, vitrinində “Serbesti” ilə “Tanin”, “Tasviri-efkar”la “Alemdar” yan-yana duracaq və sütunlarında bir-birilərinə atəş saçan bu xəbər kağızları dükan sahibini bir dəstə siqaret kağızından, bir qutu saçaq tütündən daha ziyadə əlaqədar etməyəcəkdi...
Ya mütarəkədə, yaxud da mütarəkədən sonra - yəni Əhməd bəyin Maltaya getdiyi və qayıtdığı əsnalarda Babialidə sahibinə xeyli qazanc gətirmiş bu dükan Bəyoğluna daşınardı. Orada artıq Avropa qəzetləri, kolonya, lavanda, saqqız, ucuz romanlar, həftəlik məcmuələr də satılmağa başlanardı.
Kim bilir, bəlkə də, bu dükan “Kadro” məcmuəsinin Bəyoğlunda satış mərkəzi olar və dükan sahibinin oğlu Şövkət Sürəyya bəy ilə hər həftə əlaqə qurub hər məktubda atasının iqtisadçı mühərrirə salamını, hörmətini yazardı.
O zaman Əhməd bəyin müntəzəm müştərilərə Nazim Hikmətin əcaib qapaqlı şeir kitablarını tövsiyə etdiyini, liman şirkəti müdiri Həmdi bəyin avtomobilini dükanın önündə saxlatdırıb “Kadro və inqilabı” satın aldığını, “İqtisadi dövlətçilik” əsərindən neçə dənə satıldığını soruşduğunu eşidəcək, yaxud görəcəkdik.
Sonra bir gün iki müştəri Yaqub Qədri bəylə qaynı Burhan Asaf bəy iki “Boğaziçi Klüp” siqaretini alarkən: “Monşer, bu tütün satışını belə xüsusu əllərdə buraxmamalı, dövlətləşdirməliyik!” deyə danışacaqdılar, aldığı lirənin qalığını qaytarmaqla məşğul olan dükan sahibi bu söhbətdən heç bir şey anlamayacaq, qəribə-qəribə güləcəkdi...
Arıqlamaq üçün tez-tez gəzintiyə çıxan Yunus Nadi bəyin hərdən saqqız alacağı bu dükanın sahibi, bəlkə də, Fəthi bəyi (Əli Fəthi bəy müxalif Sərbəst Cümhuriyyət Firqəsinin sədri idi. Ağaoğlu da Atatürkün istəyi ilə bu firqədə olmuşdu – D.Ə.) heç tanımayacaq, Nəcməddin Molla bəyin sadəcə Kocataş suyu və qazozunun sahibi olduğunu öyrənəcək, bələdiyyə seçkisində “Sərbəst Firqə”yə səs də verməyəcəkdi.
Halbuki indi “Axın”ın möhtərəm Baş mühərriri Osmanlı imperatorluğu çökdükdən sonra belə onun ismini mühafizə edən Osmanlı bankı kimi tək başına sərbəstçidir (yəni liberal – D.Ə) və bir türk münəvvəri olduğu üçün özünün bir hind fəqiri olduğuna inanır.
Toplu İğne
“Vakit” qəzeti, sayı 5577, 1933