Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Zəfər və qəhrəmanlıq simvolu: məğrur Azərbaycan qadını” mövzusunda dəyirmi masa keçirilib.
Teleqraf.com xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə həsr olunan kompozisiya təqdim olunub.
Tədbiri giriş sözü ilə YAP Mərkəzi Aparatının Gender siyasəti şöbəsinin baş məsləhətçisi Zəkiyyə Musayeva açaraq bildirib ki, Azərbaycanın tarixi Qələbəsində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti böyük rol oynayıb: “Dövlət başçısı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəyə rəhbərlik etdi. Azərbaycan xalqının mənafeyinin qətiyyətli müdafiəsi, məqsədyönlü, ardıcıl siyasət, xalqın həmrəyliyi və Ali Baş Komandan ətrafında sıx birləşməsi nəticəsində tarixi Qələbə qazanıldı”.
Dəyirmi masada çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan rəşadətli ordumuz və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində cəmi 44 gün ərzində böyük bir qəhrəmanlıq salnaməsi yaradıb: “Torpaqlarımızın azadlığı uğrunda canından keçən igid vətən övladları öz qanları bahasına bu şərəfli tarixi yazıblar. Qarabağ kimi cənnət məkanı canları, qanları bahasına yağı düşməndən alıb bizlərə həmişəlik əmanət edən, torpaqlarımızda zəfər bayrağını dalğalandıran qəhrəman Vətən oğullarının əziz xatirəsini hər kəs ürəyində böyük sevgi və ehtiramla yaşadır. Bu mübarizədə xalqımızın vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın öz sahiblərinə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Ona görə də şəhid anaları hər zaman başlarını dik tutmalıdırlar. Belə qəhrəman övladlar böyüdüb boya başa çatdırdığına görə onların hər birinə minnətdarıq”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi bu gün Azərbaycan dünyaya günəş kimi doğur, Azərbaycanın beynəlxalq miqyasda mövqeləri möhkəmlənir. Bunun əsas səbəblərindən bir də milli birliyimiz, gücümüzdür.
B.Muradova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyümüzün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir”.
Dövlət Komitəsi sədrinin fikrincə, şəhid anaları ictimai həyatda fəal olmalı, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak etməlidirlər.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin də çıxışında şəhid analarına vətənə igid, qəhrəman övladlar yetişdirdiklərinə görə təşəkkür edib. 30 ilə yaxın torpaqlarımızın erməni işğalı altında qaldığını deyən Mixail Zabelin bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həlli üçün böyük səylər göstərdi. Amma erməni tərəfinin işğalçılıq siyasətindən əl çəkməməsi müharibəni qaçılmaz etdi.
Mixail Zabelin Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların təmsilçilərinin döyüşdüyünü diqqətə çatdırıb: “Müharibədə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri döyüşərək torpaqlarımızı işğaldan azad etdilər. Çünki Azərbaycan burada yaşayan bütün xalqların Vətənidir”.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında deyib ki, Azərbaycanın qazandığı Zəfərin ciddi əsasları var. Çünki dövlətimiz bu zəfərə təkcə 44 gün ərzində nail olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ötən illər ərzində həyata keçirdiyi siyasət bizi qələbəyə doğru aparıb. O, həmçinin qadınların qazanılan qələbədə rolunu xüsusi vurğulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qeyd edib ki, Vətən müharibəsində qələbənin qazanılmasında milli birlik amili böyük rol oynayıb. O bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq, onlar heç vaxt unudulmayacaq. Çünki Zəfər tariximizi məhz şəhidlərimiz öz qanları ilə yazıblar. Ona görə də şəhid anaları hər zaman qürurlu olmalı, öz övladları ilə fəxr etməlidirlər.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin qadınlar və hərbi qulluqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova hərbi qulluqçular, şəhid ailələri ilə bağlı görülən işlər barədə fikirlərini bildirib.
Vətən müharibəsində Azərbaycan qadınının cəsarətindən, mərdliyindən, şücaətindən söhbət açan Zümrüd Səmədova onların səngərdə əsgərlərə ana, bacı, həkim, tibb bacısı, yeri gələndə isə döyüş yoldaşı olduğunu vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bildirib, burada qadınların, anaların rolunu xüsusi vurğulayıb.
Tədbirdə, həmçinin şəhid Manaf Bəhmanlının anası Suray Bəhmanova, şəhid Denis Əliyevin həyat yoldaşı Aynurə Əliyeva, şəhid Elçin Mansurovun anası Məleykə Mansurova, şəhid Elvin Şükürlünün anası Vəfa İbişova, şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova və şəhid Nicat Tarverdiyevin anası Şükran Farrukqızı çıxış edərək övladlarının şərəfli ömür və döyüş yollarından bəhs ediblər. Şəhid anaları dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.