14 Noyabr 2014 14:43
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişlərini elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirməyən müəssisələrdə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (EİS) mövcud məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından inteqrasiya olunmuş məlumatlarla üzləşdirilməsi zamanı “Qrafik-Ko” MMC (Bakının Nizami rayonu), “İnşaat konstruksiyaları” MMC (Nəsimi rayonu) və “Abşeron A-1” MTK-da (Abşeron rayonu) işçilərlə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilmədiyi müəyyən edilib. Bununla əlaqədar, noyabrın 14-də ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları həmin müəssisələrdə olaraq, yerindəcə müvafiq araşdırma aparıblar.

Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7 nəfər, “İnşaat konstruksiyaları” MMC-də 8 nəfər, “Abşeron A-1” MTK-da 4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.

Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Naibə QURBANOVA


Müəllif: