Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ümumdünya elm günü” çərçivəsində keçirilən “Elm Günləri” başa çatıb.
ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, üç gün davam edən “Elm Günləri”ndə qarşıya qoyulan məqsədə nail olunub: “Bir daha bəyan edirik ki, İqtisad Universitetində elmi tədqiqatların aparılması üçün potensial var”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə tədbir iştirakçılarına iqtisad elminin Azərbaycan cəmiyyəti və iqtisadi inkişafında rolu haqqında danışıb. Bildirib ki, ölkə iqtisadiyyatı qloballaşan dünyada tələb və təkliflərə adekvat olaraq uyğun siyasət yeridir. “Hər bir iqtisadçı alimin fikri öyrənilməlidir” deyə vurğulana Z.Səmədzadə, bu baxımdan ADİU-da keçirilən “Elm günləri”nin əhəmiyyətini qeyd edib.
Kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov çıxışında iqtisadiyyatın mədəniyyətlə bağlı olduğunu bildirərək, “Elm günləri” çərçivəsində təşkil olunan tədbirlərin ali təhsil ocağının elm mərkəzinə çevrilməsində böyük rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb.
Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin riyazi biznes və mühasibat proqramının direktoru, alim, ADİU-nun keçmiş əməkdaşı İlham Axundov isə çıxışında elmin kapitala çevrilməsi yollarından danışıb. Riyaziyyat və biznesi birləşdirməyi bacaran azsaylı alimlərdən olan İ.Axundov 15 ildir çalışdığı Vaterloo Universitetində əldə etdiyi təcrübəsini professor və müəllim heyəti ilə bölüşüb. Alim çıxışında həmçinin “Elm Günləri” çərçivəsində ADİU tələbələrinə keçirdiyi təlimdən də danışaraq onların bilik səviyyəsindən məmnun qaldığını bildirib.
ADİU-nun dosenti Həmid Həmidov isə “Neuro Linguistic Programming” mövzusunda məruzə ilə çıxış edib. NLP-nin müasir biznes mühitində menecerə faydalılığı, danışıqların aparılması zamanı qarşı tərəfin psixoloji durumunu analiz etmək və inandırmaq texnologiyası, yaddaşın gücləndirilməsi texnikası və s. haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, ADİU-da “Ümumdünya elm günü” çərçivəsində ilk dəfə olaraq “Elm Günləri” keçirilib. Üç gün ərzində simpozium, seminar, dəyirmi masa, təlim, master-klasslar, tanınmış alimlərlə görüş və elmi mühazirələr təşkil olunub. Bu tədbirlərdə əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yolları, ADİU-da tələbə və müəllim elmiəməkdaşlığının yeni mərhələyə yüksəlməsi, elmi fəaliyyətin populyarlaşdırılması, universitetdə həyata keçirilən tədqiqatların ölkənin iqtisadi potensialının artırılmasına töhfə verməsi olub.
NİGAR