Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 8 Noyabr - Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş FHN əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsinə baş çəkib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Mehman İsmayılov şəhidin ailəsini Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad olunmasını şanlı tariximizin misilsiz Zəfər səhifəsi adlandırıb. O, həmçinin bildirib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri də müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. Qeyd edib ki, 4 iyul 2019-cu ildən FHN-in Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan Rəşad Şəfiyev işgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilmişdi.
Xatirə şəkli çəkildikdən sonra FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Zəfər Günü münasibətilə gətirilən bayram sovqatları şəhidin ailəsinə təqdim edilib.
Xatırladaq ki, Ermənistanın dinc əhalini hədəfə alaraq 28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən FHN-in Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub. Doğulduğu Gəncə şəhərində torpağa tapşırılan şəhidin bir qız və bir oğlan övladı yadigar qalıb.