Əməkdar artist Xumar Qədimovanın "Azərkitab"da Şuşaya həsr etdiyi "Şuşa" adlı mahnısının təqdimat mərasimi baş tutub.
Xumar Qədimova Teleqraf.com-a açıqlamasında təəssüratlarını dilə gətirib:
"Sözü söz adamları deyərlər. Mənə də arada söz adamı deyirlər. Amma mən söz adamı olsam da, sözü nəğmə ilə deməyi sevirəm, öz mahnılarımla... İllər əvvəl sənətə Xumar Qədimova olaraq "İsa bulağı" mahnısı, Şuşa və Şuşa dərdi ilə gəlmişdim. İndi isə Şuşa zəfəri ilə gəlmişəm. Rəşad Məcidin sözlərinə Şuşaya həsr edilən gözəl bir əsər yaratdıq. Allah şəhidlərimizə rəhmət eləsin (kövrəlir). Onların ruhu bizlərə kömək olsun! Yaşasın Azərbaycan! Yaşasın Şuşa! "Şuşa" mahnısına klip də çəkəcəyik, hazırda mahnnını Şuşanın görüntüləri ilə təqdim etdik. Şuşada konsert verməyi və klip çəkməyi düşünürük".
Tədbirdə çıxış edən Rəşad Məcid isə "Şuşa" mahnısının Şuşada "Xarıbülbül" Musiqi Festivalı zamanı ərsəyə gəldiyini açıqlayıb.
Qeyd edək ki, təqdimat mərasimində yazıçı Rəşad Məcid, yazıçı-publisist İradə Tuncay, şairə-bəstəkar Xanım İsmayılqızı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Aqil Abbas, aparıcı Saleh Bağırov və bir çox qonaqlar iştirak ediblər.