COVID-19 virusuna yoluxduqda kompüter tomoqrafiyası müayinəsinə ehtiyac yoxdur. Əgər COVID-19 PCR yaxma və ya kart-test yaxma analizi (burun-udlaqdan və ağız-udlaqdan-əsnəkdən yaxma) müsbətdirsə, pulsoksimetr cihazı ilə barmaq ucundan oksigen saturasiyası (SpO2) ölçülməlidir. Saturasiya 95-dən çoxdursa heç bir müayinə və müalicəyə ehtiyac yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.
Onun sözlərinə görə, oksigen saturasiyası 95-dən aşağı olduqda qandan koaquloqramma(laxtalanma), CRP, D-dimer, ferritin, qan ümumi (hemoqram) analizləri verilə bilər:
“Adi döş qəfəsinin rentgen müayinəsindən keçmək olar, lakin kompüter tomoqrafiyası müayinəsinə ehtiyac yoxdur. Rentgen müayinəsində COVID-19 xəstəliyinə aid olan ikitərəfli multifokal kölgəliklər aşkar edilibsə, müvafiq müalicə alına bilər. Döş qəfəsinin rentgen müayinəsində COVID-19 təsdiq edilibsə, demək, ağciyər damarlarında tromblaşma var, müvafiq müalicə almalıdır. Ağciyərlərin rentgen müayinəsində təmiz görünürsə, deməli, xəstəlik yüngül keçirilir”.
Aydın Əliyev bildirib ki, COVID-19 analizinin cavabı mənfidirsə, rentgen müayinəsində patoloji kölgəlik görünmürsə və oksigen saturasiyası 95-dən aşağıdırsa o halda kompüter tomoqrafiyasına ehtiyac ola bilər: “Bu isə nadir haldır. Döş qəfəsinin rentgen müayinəsi təmizdirsə, lakin kompüter tomoqrafiyası müayinəsində ağciyərlərdə 10 faizə qədər buzlu şüşə mənzərəsi görünürsə və oksigen saturasiyası 95-dən çoxdursa, qanda EÇS, CRP, ferritin, D-dimer, koaquloqoqramma normaldırsa, heç bir ciddi müalicə və müayinəyə ehtiyac yoxdur”.