“2022-ci ilin büdcə zərfində işğaldan azad edilən ərazilərin bərpasına böyük maliyyə ayrılmasını alqışlayıram”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məcisdə çıxışı zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, 2022-ci ildə səhiyyə xərcləri müstəqillik dövrümüzün ən böyük xərcləridir.
Gələn il səhiyyə xərclərinə dövlət büdcəsindən 1 milyard 789 milyon manata çatdırıldığını xatırladan akademik bildirib ki, Azərbaycan büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 6 faizə çatdırılıb: “Bu, ciddi rəqəmdir. Son illərdə səhiyyə xərcləri 2,5 faiz artıb”.
Komitə sədri əlavə edib ki, tibb elminin, eləcə də elmi tədqiqatların inkişafı üçün ayrılan xərclər azdır və gələcəkdə bu məsələ nəzərə alınmalıdır.
Komitə sədri deyib ki, İcbari tibbi sığorta artıq ölkəmizin hər yerində həyata keçirilir:
“Təəssüflər olsun ki, bu proses pandemiya ilə eyni vaxtda düşdü. Bu gün İcbari tibbi sığorta uğurla həyata keçirilir və insanlarımızın çoxu bundan məmnundur. İl başlayanda xidmətlər zərfinə daxil olan xidmətlərin sayı az idi. Xidmətlərin sayının az olması insanlarda narazılıq yaradır. Məncə, bu büdcə və fonda yığılan vəsaitlə xidmət sayını iki dəfə artırsaq insanları razı sala bilərik”.