17 Noyabr 2021 14:43
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin sədri, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, SSRİ Tibb Elmləri Akademiyasının аkademik N.N.Petrov аdına mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasinin N.N. Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun doğum günüdür.

Teleqraf.com-un məlumatına görə, akademik Əhliman Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırıb. Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinin nəticələri 4-5 dəfə yaxşılaşıb.

Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilmiş, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr edib. “Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülmüş, bu sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirib.

Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 500-dək elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir. Onun rəhbərliyi altında 56 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 44 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir. Fəaliyyəti dövründə 20000-dən çox cərrahiyyə əməliyyatı icra edib.

Akademik Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərib. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olub, Universitetin maddi-texniki bazası və Beynəlxalq əlaqələri genişləndirilib, 4 klinikası yaradılıb və uğurla fəaliyyət göstərir.

Akademik Ə.T.Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlıdır. O, 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkəmizdə biologiya və tibb elmlərinin əsas istiqamətlərinin müəyyənləşdiril­məsində, elmi işlərin təşkili və modernləşdirilməsində aparıcı rol oynayıb, tədqiqat­ların ən müasir metodlarla aparılmasına, beynəlxalq əlaqələrinin intensiv inkişa­fına, yeni elmi qurumların yaradılması, müvafiq sahələrin maddi-texniki bazaları­nın durmadan yaxşılaşdırılması işlərinə rəhbərlik edib və hərtərəfli dəstək verib.

Akademik Ə.T.Əmiraslanovun IV (2010), V çağırış (2015), VI çağırış (2020) Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti də geniş və çoxşaxəli olmaq­la daim həm ona səs verən seçicilərin, həm də ümumən Azərbaycan xalqının yük­sək maraqlarına xidmət edib. 2015-ci ildən Milli Məclisin Səhiyyə Komitə­sinin sədri vəzifəsinə seçilməsi onun elmi-təşkilati və ictimai-siyasi fəaliyyətinə verilən qiymətin təzahürü idi. Əhliman Əmiraslanovun yüksək təşki­latçılıq qabiliyyəti sayə­sində Səhiyyə Komitəsi qısa müddətdə formalaşıb, strukturları yaradılmış və burada ciddi qanunverici fəaliyyətə başlanılıb.

Ömrünün müdrik çağına qədəm qoyan akademik Əhliman Əmiraslanovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ictimai-siyasi, elmi-pedaqoji və praktik fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər