"2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
Prezident İlham Əliyevin tapşırığı əsasında sosial sahəsində geniş miqyaslı islahatarın həyata keçirildiyini vurğulayan Anar Bayramov bu islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etdiyini deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir: "Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir".
Agentlik sədri 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirildiyini, bunun ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çox olduğunu diqqətə çatdırıb.
Anar Bayramov tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşıldığını deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir: "İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir".
Anar Bayramov onu da qeyd edib ki, əlillik təyin olunan şəxslərə bundan sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən müvafiq sosial ödənişlər mütəmadi artıb, xüsusilə son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib".