19 Noyabr 2021 14:06
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan geniş miqyaslı sosial islahatlar əlilliyin qiymətləndirilməsini də əhatə etməklə əlillik təyinatlarının şəffaflaşdırılmasına, dərəcələrin yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməsinə xidmət göstərir. Aparılan işlər nəticə etibarilə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara dəstəyin daha da gücləndirilməsi məqsədi daşıyır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib:

“Bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur. Dövlət çalışır ki, vətəndaşının yanında olub, ona dəstək versin. Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Biz dövlət siyasətində dəfələrlə bunun şahidi olmuşuq.

Qazilərin müalicəsi, müəyyən strukturlara yönləndirilməsi ilə bağlı işlər görülür. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi operativ şəkildə yerinə yetirilir. Deyə bilərəm ki, təkcə ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda bu işlər davam etdirilir.

Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən müvafiq sosial ödənişlər təyin edilib. Bundan əlavə, qazilər müalicə üçün Türkiyəyə göndərilir. Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib”.

Millət vəkili qeyd edib ki, son illər neqativ hallarla mübarizə istiqamətində də vacib işlər görülür: “Məqsəd odur ki, təqaüdlər, vəsaitlər aidiyyəti üzrə çatsın. Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər mütamadi artırılır. Xüsusilə son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam edir.

Bəzən radikal qruplaşmalar bunu kampaniyaya çevirmək istəsə də, bunun üçün heç bir əsas yoxdur. Bəzən sosial şəbəkələrdə guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy, süni ajiotaj yaratmağa yönələn fikirlər yer alır. Əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır.

Əlilliyə görə sosial ödənişin kəsilməsi halı baş verməyib və hazırda belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və müddət bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, müddətin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədləri toplamalıdır.

Dövlət öz vətəndaşına sahib çıxır, onun sağlamlığını qorunması, sağlamlığını itirən insanların yaşaması üçün lazımı addımları atır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər