22 Noyabr 2021 17:42
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində sərnişindaşımada kart sistemindən istifadə dayandırılıb.

Bu barədə Teleqraf.com-a açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

Rəis müavini bildirib ki, hazırda Sumqayıt şəhərində bütün marşrut avtobusları nağd ödənişə qaytarılıb.

"Artıq Türkiyədən yeni validator aparatları sifariş vermişik. Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı, vətəndaşlardan şikayətlər daxil olurdu. Bu problemin aradan qaldırılması üçün yeni validator aparatları sifariş verilib" - deyə, rəis müavini qeyd edib.

Onun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat "Bakıkart" a məxsus kart sisteminə keçiriləcək.

"Bunun üçün tədbirlər görülür. Hazırda 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq. Artıq “Bakıkart” sistemi ilə eyni olan kartlar da sifariş edilib. Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Kartın üzərinə "Bakı-Sumqayıt" yazılacaq. Proses bir ay, ay yarıma yekunlaşacaq" - rəis müavini bildirib.

Qeyd edək ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında bu il sentyabrın 28-dən kart vasitəsilə ödəniş tətbiq edilsə də, bu sistem özünü doğrultmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər