23 Noyabr 2021 15:01
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ölkəmizdə tektonik aktivlik çoxalıb. Bu nə ilə əlaqəlidir?

- Yer daxilində tektonik qırılmalar, çatlar var. Tektonik qırılmalar vasitəsilə yerin daxili litosferi parçalanır. Azərbaycanda yer qabığında gedən tektonik blokların hərəkətləri nəticəsində bu zəlzələlər baş verir. Məsələn, bir blokun hərəkəti 10 millimetr, digəri 17 millimetrdir. Ani olaraq biri digərini sıxışdırır, gərginlik yaranır, güclü enerji toplanır. Bir anda laylar parçalanır və bütün mühitə yayılır, yerdə hiss olunur.

Hazırda Azərbaycanda zəlzələlərin sayı artıb. Bununla əlaqədar şəbəkəni genişləndirib, stansiyaların sayını çoxaltmışıq. Bu gün Azərbaycanda 62 seysmik stansiya fəaliyyət göstərir, böyük qrant layihəsi hesabına isə 22 stansiya gətirilib, quraşdırma işləri aparılır. İşlər Amerika Energetika Nazirliyi dəstəyi ilə aparılır. Bunun sayəsində də ən kiçik, 0,1 bal dəyərində də yeraltı təkanları qeydiyyata alıb, tədqiqatlar aparırıq.

- Tektonik çoxalmaların fəsillə əlaqəliliyi varmı?

- Kosmogen nöqteyi nəzərdən baxanda planetlərin aktivliyi, günəşdəki partlayışlar, maqnit seli ilə yaranır. Müəyyən yerlərdə zəlzələ ocaqlarında güclü təkanlar baş verir. Amma mövsüm məsələsinə qaldıqda, bu, yer üzərində gedən ekoloji prosesedir. Bu proseslər yer daxilində gedir. Tektonik qırılmalar Azərbaycan üçün xarakterik olaraq 10, 15, 20, Xəzərdə 60, Kür çökəkliyində 40-45-50 km arasında dəyişir. Bəzən görürsən ki, lap dərində baş verən zəlzələ olur. 42 km dərinlikdə zəlzələ baş verdikdə respublikanın yarısı hiss etmişdi. Baxmayaraq ki, lap güclü zəlzələ deyildi. Zəlzələlərin mövsümlə əlaqəsi yoxdur, hər fəsildə olur.

- Şamaxı tektonik zonadır. Hazırda orada vəziyyət necədir?

- Tektonik təkanlar oldu. 5.1 bal gücündə zəlzələdən sonra da güclü və zəif təkanlar qeydə alındı. Arabir lap zəif təkanlar olur ki, onlar da ancaq cihazlar tərəfindən qeydə alınır.

- Bəs bundan daha güclü zəlzələ olma ehtimalı nə qədərdir?

- Zəlzələlə hər gün var. Azərbaycanda ilboyu 4-5 minə yaxın zəlzələlə qeydə alınır. Gün ərzində 30-a yaxın təkanlar baş verir. Yaxın zaman üçün dağıdıcı zəlzələ gözlənilmir.

- Qonşu ölkələr Türkiyə, İran tektonik aktivlik artıb. Mütəxəssislər bunu nə ilə əlaqələndirir?

- Yer daxilində gedən dinamik proseslər, tektonik qırılmalarla bağlı ayrı-ayrı parçalanmış bloklardır. Bir tərəfdən daha çox aktivdir, bir tərəfdən zəifdir. Sibirdə vaxtilə dəhşət zəlzələlər olub. Rusiyada şərq tərəfdə daha çox zəlzələlər olub, nəinki orta hissəsində. İran, Türkiyə, həmçinin Azərbaycan seysmoaktiv bölgədir. Bütün Qafqazda, orta Asiyadan Himalaya qədər zəlzələlərlə bağlı dağəmələgəlmə prosesləri gedib.

- Ümumiyyətlə, tektonik proseslərin dövri qiymətləndirilməsi aparılırmı? Yəni zaman keçdikcə Yer daxilində tektonik aktivlik artır, yoxsa azalır?

- Biz öz hesabatlarımızda aktivlik xəritələri qururuq. İlin axırına hesabat hazırlayırıq, işlər gedir. Yekun olaraq o hesabatlarımızda hansı ərazilərdə zəlzələlər baş verib, nə qədər enerji ayrılması olub, gücü nə qədər olub qeyd olunur.

Son 10 ildə apardığımız hesabatlara görə, daha aktiv zona Şamaxı, İsmayılllı, Xəzərdir. Bunlar hamısı araşdırılır, mexanizmlər qurulur.

- Zəlzələ zonalarında tikilən binaların zəlzələyə davamlılığına diqqət yetirilirmi?

- Tikinti təşkilatlarından müraciət edən yoxdur. Əvvəllər tikinti aparılan binanın binaaltı tədqiqatını aparırdıq. Maksimal olaraq hansı gücdə zəlzələ ola bilərsə, onu müəyyən edirdik. İndi xəritə ilə işləyirlər, ya necə, bilmirəm. Bizə müraciət etmirlər...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər