6 May 2014 16:29
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və İncəsənət Universitetindən reportaj

Yeni təhsil naziri təyin olunduqdan sonra bir çox ali məktəblərə də yeni təyinatlar oldu. Bakı Slavyan Universiteti, Gəncə və Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət İqtisad Universitetinin ardından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni rektor təyinatı oldu. ADMİU-nun rektoru, filologiya elmləri doktoru Timuçin Əfəndiyevin yerinə Mədəniyyət və Turizm Naziriliyində şöbə müdiri işləyən, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti olan Fərəh Əliyeva təyin edildi. Mayın 5-də o, təhsil naziri Mikayıl Cabarrovun iştirakı ilə müəllim və tələbə kollektivinə təqdim olundu.

Qeyd edək ki, Fərəh Əliyeva həm də tanınmış alim, Bakı Dövlət Universitetinin professoru, jurnalistika tarixinin və Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Şirməmməd Hüseynovun qızı kimi tanınır.


Nə rektor, nə də prorektor işdə deyil...

Universitetin müəllim və tələbə heyətinin yeni rektordan nə gözləntiləri var? Fərəh Əliyeva ADMİU-da hansı yeniliklər etmək niyyətindədir? Bir sözlə, yeni rektorun ilk iş günü ilə maraqlandıq.
Saat 11-12 radələrində universitetə yaxınlaşdıq. Universitetin girişindəki mühafizəçi bildirdi ki, rektor işə gəlməyib. Soruşduq ki, prorektor Rafiq Sadıqovla necə görüşmək olar? Mühafizəçi bildirdi ki, prorektor da işə gəlməyib. Rektor köməkçisi necə, - sorğumuza mühafizəçi dedi ki, rektor gəlmədən bizi içəri buraxmağa ixtiyarı yoxdur.

İnanıram ki, öz bacarıqlarını əsirgəməyəcək

Sənətşünaslıq fakültəsinin müəllimi Zakir Abbas da suallarımıza ayaqüstü cavab verdi. Dedi ki, yeni rektorun təqdimatında iştirak edə bilməyib, çünki dərsdə olub. Keçmiş rektorun fəaliyyəti və yeni rektorun görəcəyi işlər haqda Zakir müəllimin fikirlərinə gəlincə, o bu haqda danışmaq istəmədiyini bildirdi: “Nə deyə bilərəm? Hər halda Timuçin Əfəndiyevin bu universitetdə böyük xidmətləri olub və ümid edirəm ki, Fərəh Əliyeva da bu təhsil müəssisəsinin inkişafı üçün öz bacarıqlarını əsirgəməyəcək”.
Tədris vəsaiti çatmır, maddi texniki baza zəifdir

ADMİU-da tədris vəsaitinin çatışmazlığı, olan vəsaitlərinin isə çoxunun xarici dildə olması, universitetin maddi-texniki bazasının zəifliyi, hətta rəssamlıq fakültəsində bir ədəd köhnə kompüterin olması barədə mətbuatda yazılanlara Zakir müəllimin fikri bu oldu ki, hazırda bütün ali məktəblərdə vəziyyət təxminən eyni cürdür: “Başqa ali məktəblərdə də tədris vəsaiti çoxluq təşkil etmir. Yaxud fərqli, üstün texnologiyaları yoxdur. Bütün müəllimlər kimi mən də arzu edərdim ki, ən son texnologiyalar, ən son yeniliklər, müasir tədris vasitələri bizim universitetdə də olsun”.


Mədəniyyət və İncəsənət Universitetində vajfaj (WiFi-) yoxdur

Tələbələrlə söhbət etdik. Özlərini təqdim etməkdən çəkinsələr də, sözlərini deməkdən ehtiyat etmədilər. Sənətşünaslıq fakültəsinin II kurs tələbələri də universitetin maddi-texniki bazasının zəif olduğunu təsdiqlədilər. Tələbələrdən biri: “Bu binada vajfaj (WiFi-red.) yoxdur” dedi. Digəri informatika dərsinin çox zəif keçildiyini, bu fənnin tədrisi üçün kompüterlərin olmadığını bildirdi. Azərbaycan dilində dərsliklərin azlığından da şikayətləndiər. Amma bir-birilərini ifşa etməkdən də geri qalmadılar: “Dərsdə tapılrsan ki, dərslikdən də xəbərdar olasan” deyə həmkarlarından biri tələbə oğlana atmaca atdı.
ADMİU-da, xüsusən sənətşünaslıq fakültəsində rüşvətlə imtahan vermək söhbətinə tələbələr gülüşlə cavab verdilər. Onlardan biri: “Başqalarını bilmirəm, imtahanları mən özüm verirəm” dedi. “Dərsə gəlməyənlər, necə” sualına “Onlar da bir çıxış yolu tapır” cavabını verdi.

Yeni rektor universitetdə intizamı möhkəmləndirməlidir

Tələbələr dünən yeni rektorla görüşün onlarda xoş təəssürat yaratdığını dedilər: “Bizə qaygıkeş və mehriban insan təsiri bağışladı. Gözləyirik ki, yeni rektor universitetimizi müasirləşdirəcək, universitetdə intizamı möhkəmləndirəcək”.

Dərslərimizdə oturub, problemlərimizlə maraqlanıb

Kütləvi tədbirlər və bayramlar rejissorluğu ixtisasının tələbə qızları isə keçmiş rektorun gedişindən təəssüfləndiklərini bildirdilər, amma yeni rektorla bağlı da araşdırma apardıqlarını dedilər. “Keşmiş rektorun da, indiki rektorun da insanlığı barədə müsbət fikirlər var. Fərəh xanımın bu gün bizimlə görüşü olacaqdı, hələ ki, görüşməyib. Dünən bir neçə dərsdə oturub, tələbələrin problemləri ilə maraqlanıb. Ümid edirik ki, yeni rektor universitetimizə yeni ab-hava gətirəcək”.

Nigar SÜLEYMANOVA


Müəllif: