16 Noyabr 2014 04:33
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiya rəhbərliyinin və professor-müəllim heyətinin görüşü faydalı fikir mübadiləsi və maraqlı təkliflərlə yadda qalıb. Rektor valideynləri semestr imtahanlarını şəxsən izləməyə, imtahanların keçirilməsinə və yaradılan şəraitə münasibət bildirməyə dəvət edib. Valideynlər bu təklifi razılıqla qarşılayıblar.

Akademiyadan Teleqraf.com-a bildiriblər ki, 300-ə yaxın valideynin iştirak etdiyi görüşdə tələbələrin təhsil göstəricilərindən söhbət açılıb, müasir təhsil standartlarına uyğun müəllim-valideyn əməkdaşlığının formalaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Valideynlərlə müəllimlər arasında səmimi ünsiyyət mühitinin yaradılmasının əhəmiyyətindən danışan rektor H.Qaraşov vurğulayıb ki, təhsilin keyfiyyətinin artırılmasında, müəllimlərin və ali təhsil müəssisəsinin nüfuzunun yüksəldilməsində hər iki tərəfin üzərinə mühüm vəzifələr düşür. Akademik borcu olan tələbələr ailə büdcələrinə zərər vurur, əlavə kredit pulu ödəyirlər. Bəziləri ali təhsilin bakalavr pilləsini müəyyən olunmuş müddətdə başa vura bilmir və həqiqi hərbi xidmətə çağırılırlar. Belələri müəyyən hallarda hətta tələbə statusunu itirirlər. Odur ki, bu məsələlər haqda ciddi düşünmək, əlbir işləmək lazımdır.

“Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Xanım Əhədovanın valideyni qeyd edib ki, gənclərin formalaşma mərhələsində akademiya kollektivinin valideynlərlə sıx əməkdaşlıq yaratması, birbaşa ünsiyyət qurması çox faydalıdır və hamının ürəyindən xəbər verir.

Bu müsbət ənənəni yüksək qiymətləndirən valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə pedaqoji kollektivə təşəkkürlərini bildiriblər.


Müəllif: