Hesab edirəm ki, Azərbaycan pandemiya ilə ən uğurlu mübarizə aparan dövlətlərdən biridir. O, dünya ölkələri tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib və Azərbaycanın bu siyasəti bəyanilib. Azərbaycan təkcə ölkə daxilində yox, xaricdə də bu işə öz töhfəsini verməyə çalışıb. Bir sıra ölkələrə maliyyə yardımı, humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) on milyondan artıq vəsait ayırıb. Otuza yaxın ölkəyə yardım göstərib, yüz əlli min vaksin verib.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan pandemiya müddətində çox ciddi addımlar atıb:
“Bu sahədə görülən işlər olduqca önəmli və mütərəqqidir. Bu siyasət dövlət tərəfindən çox uğurla bu gün də davam etdirilir. Hesab edirəm ki, dövlətin bu addımları çox təqdirəlayiqdir. Burda iki tərəf var: dövlət və vətəndaş. Dövlət öhdəliklərini yerinə yetirir. Vətəndaşlar da çalışmalıdır ki, üzərlərinə düşəni etsinlər. Pandemiya hələ bitməyib. Biz arxayınlaşmamalıyıq, özümüzü, yaxınlarımızı qorumalıyıq. Təəssüf ki, bu gün yenə maskadan istifadə etməyən vətəndaşlar var və bir sıra hallarda onlarla rastlaşırıq. Qaydalara normalara əməl etməyən insanları görürük. Bütün bunlar yolverilməzdir. Vətəndaşlar çalışmalıdırlar ki, bu tövsiyələrə tam əməl etsinlər”.
Millət vəkilinin sözlərinə görə, əgər pandemiyadan xilas olmaq, özümüzü və gələcəyimizi qorumaq istəyirsə, mütləq qaydalara və şərtlərə əməl etməliyik:
“Özümüzü və yaxınlarımızı qorumaq üçün dövlət müəyyən addımlar atır və bu addımlara öz dəstəyimizi ciddi şəkildə verməliyik. Hələ də pandemiya ilə bağlı mübarizə istiqamətində tədbirlərimiz davam edir. Vətəndaşlara tövsiyə edirəm ki, dövlətə dəstək olsunlar. Pandemiyanın bitmədiyini nəzərə alaraq, özlərini və yaxınlarını mütləq qorusunlar. Mən bir də onu vurğulamaq istəyirəm ki, arxayınlaşmaq qəti şəkildə olmaz. Hər kəs özünü və yaxınlarını qorumalıdır, bir müddət də səbirli olmalıyıq. Bir müddətdən sonra artıq bütün narahatlıqlarımız qismən arxada qalacaq və pandemiya ilə uğurlu mübarizəni təşkil edə biləcəyik. Sadəcə bir az da gözləmək, çalışmaq, bu istiqamətdə səylərimizi davam etdirmək lazımdır ki, qarşımıza qoyduğumuz məqsəd və hədəflərə nail ola bilək. Dövlətin də fəaliyyəti yüksəkdir və biz əminik ki, tezliklə xalq olaraq birlikdə bu problemin öhdəsindən ləyaqətlə gəlməyi bacaracağıq”.