27 Noyabr 2021 00:56
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədris şəraitinin düzgün təşkil edilməməsi şagirdlərin sağlamlığına mənfi təsir göstərir. Uşaq müəssisələri və eləcə də ev şəraitində mebellə düzgün təchizat uşaq və yeniyetmələrin sağlamlıqlarının mühafizəsində mühüm əhəmiyyət kəsb edir.

Bunu Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti, “Sağlam təhsil –Sağlam millət” layihəsi üzrə koordinator Zöhrə İsmayılova bildirib.

Onun sözlərinə görə, şagirdlərin uzun müddət parta arxasında hərəkətsiz oturması və yaxud düzgün oturmaması kürək və boyun əzələlərinin yorulmasına, başın işçi səthə əyilməsinə səbəb olur, bu isə onlarda qamət pozulmasına, skolioza, görmə problemlərinə və başqa patoloji vəziyyətin yaranmasına gətirir.

Zöhrə İsmayılova əlavə edib ki, “Sağlam təhsil- Sağlam millət” layihəsinin icra olunduğu siniflərdə bu cür problemlərin qarşısının alınması üçün sağlamlaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, bu siniflərdə bir şagirdə 2-2,5 kv.m sahə nəzərdə tutulur. Yazı və oxu zamanı işçi səthi 16 dərəcə maili vəziyyətə gətirilən ayaqüstə və oturaq partalar şagirdlərin boylarına gorə tənzimlənir. Parta arxasında şagirdin oturdulması onların boyu (ayaqqa¬bı¬nın daban hündürlüyü də daxil olmaqla) nəzərə alınaraq həyata keçirilir.

Dərs başladıqda Sağlam Təhsil Pultu qoşulur və düzgün idarə üçün düymə basılır. İlk 15 dəqiqə tamamında birinci səs siqnalından sonra Vizual Vestibulyar Məşqçi Sistemi üzrə uşaqlar ön və arxa divarda yerləşən vestibulyar aparatın, reaksiyanın və yan görmənin inkişafı, qan dövranının sürətlənməsi, dayaq hərəkət aparatının məşqini təmin edən, yorulmanı və durğunluğu aradan qaldıran sayrışan işıqları bədəni hərəkət etdirməklə nəzərləri və əl hərəkətləri ilə tutur və ya əl çalma ilə təsdiq edirlər. Sonra ayaqüstə və oturaq iş masalarında olan uşaqlar yerlərini dəyişir. Növbəti 15 dəqiqənin tamamında, dərsin 30-cu dəqiqəsi ikinci səs siqnalından sonra uşaqlar göz əzələri və dayaq hərəkət aparatının məşqi üçün nəzərdə tutulan və tavanda yerləşdirilən Universal Simvollar Sxemi üzrə əlləri ilə nişan alaraq gözlərini oxlar istiqamətində hərəkət etdirməklə sağlamlaşdırıcı hərəkətlərii icra edirlər. Ayaqüstə və oturaq iş masalarda olan uşaqlar yenidən yerlərini dəyişirlər. Dərsarası fasilələrdə oğlanlar turnikdə dartınma və qızlar oturub durma hərəkətlərini yerinə yetirirlər.

Sinifdə quraşdırılan əlüzyuyan uşaqların şəxsi gigiyenası üçün nəzərdə tutulub, uşaqlar yeməkdən əvvəl və sonra, sanitar qovşaqdan istifadə etdikdən sonra və digər zəruru hallarda əllərini yuyurlar. Sinifdə maye sabun və kağız dəsmaldan istifadə edilir. Sinif otaqlarında quraşdırılan süni işıqların rəngi günəş işığına yaxındır və işçi səth üzərində süni işıqlanma səviyyəsi bütün partalarda eynidir.

Mebelə olan gigiyenik tələblər müasir antropometrik, fizioloji, erqonomik məlumatlara əsaslanır və uşaqların harmonik fiziki inkişafı, düzgün qamətin formalaşması, iş qabiliyyətinin uzun müddət saxlanılması, dayaq hərəkət aparatının xəstəlikləri və görmə pozğunluqıarının profilaktikasına kömək edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər