Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır.
Teleqraf.com xəbər verir ki, bunu SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi nöqsanlar müəyyən edilib: “Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (Aİ-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır”.
SOCAR rəsmisi bildirib ki, Azərbaycanda Avro-5 standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.