Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə Nazirliyin Mülki müdafiə qoşunlarında reallaşdırılan təlimdən əvvəl Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyevin iştirakı ilə hazırlıq tədbiri keçirilib. Tədbirdə Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən Dəstə üzvlərinə zəruri təlimatlar verilib.
Daha sonra təlimə start verilib. İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər həyata keçirilib. Bu məqsədlə Dəstənin şəxsi heyətinin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqlar barədə məlumatlandırılması təmin edilib. Eləcə də şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibb və digər təminat növlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin ikinci mərhələsində əsas səylər FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili həyata keçirilib. Təlim zamanı Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda dağıntılar altından şərti zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Həmçinin, beynəlxalq humanitar əməliyyatlar zamanı INSARAG işarələmə sisteminin tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Sonda müvəffəqiyyətlə həyata keçirilmiş təlimin nəticələri müzakirə olunub, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.