Noyabrın 30-da Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahan keçirilib.
Teleqraf.com xəbər verir ki, imtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.
DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov çıxış edərək gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsində əsas məqsədin bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə, beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu diqqətə çatdırıb. Baş İdarə rəisi Komitə tərəfindən bugünədək keçirilən imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açaraq, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra sayca 15-ci dəfə keçirilən imtahana start verilib.
Qeyd edək ki, ixtisas attestatının əldə olunması üçün keçirilən imtahanda 77 nəfər iştirak edib, onlardan 14 nəfəri uğurlu nəticə qazanıb.