5 Dekabr 2021 15:07
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qidalar mətbəxdə qaldıqda kiflənməyə başlayır. Hansısa səbəbdən kiflənmiş qidalardan bəzən istifadə edirik. Bəs qidanın üzərini örtən kif təbəqəsini yedikdə sağlamlığımız üçün hansı təsirləri ola bilər?

Teleqraf.com xəbər verir ki, bəzi kif növləri zəhərlənməyə səbəb olacaq qədər təsirlidir.

Mütəxəssislərin apardığı tədqiqatlara görə, kifin üzərində bəzi zəhərli kimyəvi maddələr var və bunlar qusma, ürəkbulanma və ishal kimi şikayətlərlə özünü göstərə, qaraciyərin zədələnməsinə gətirib çıxara bilər.

Lakin belə bir vəziyyətlə qarşılaşıb-qarşılaşmamağınız immunitet sisteminizə və ya yaşınıza görə dəyişir.

Kiflər arasında ən çox yayılmış növ aflatoksindir. Bu kif hətta zəhərli təsirinə görə xərçəngə də səbəb ola bilər. Aflatoksin əsasən yer fıstığı və qarğıdalıda olur.

Aparılan tədqiqatlar göstərir ki, bu xəstəliklərin başlıca səbəbi kif ilə meydana gələn bakteriyalardır. Səhhətinizə nə qədər təsir edəcəyi bakteriyaların növündən və yediyiniz qida miqdarından asılıdır.

Kif allergiyanız varsa nə edilməlidir?

Yeməklərdə olan bəzi kiflərə qarşı allergik reaksiya verənlər də var. Əgər kif allergiyanız varsa, bu cür qidalardan uzaq durmalısınız. Allergiyanın qaşınan və sulanan gözlər, dəridə qızartılar, xırıltı, burun axması əlamətləri ola bilər.

Belə bir sual yaranır. Kiflənmiş pendirlər istehsal olunur. Bunun zərərləri varmı?

Bədənimizin asanlıqla qəbul etdiyi kiflər də var. Fərqli pendir növlərində rast gəlinən bu kif xüsusilə italyanların ən məşhur kif pendiri olan qorqonzola və fransızların kifli pendiri olaraq tanınan rokforun tərkibində də var.

Bu pendirlərdəki yaşıl-mavi kif damarları pendir xəmirinə süni kif əlavə edilərək yaranır.

Camembert və bri pendirlərinin səthində ağ kif də istifadə olunur.

Bəs kifi qida üzərindən təmizləyib yemək olarmı?

Yüngül yeməklər, sendviçlər, hot-doqlar və sair bişmiş qırmızı ət və quş əti, tortlar kimi qidalar kifi təmizlənsə də, istehlak edilməməlidir. Çünki bu qidalar kifin yaranması üçün münbit şəraitdir və belə qidalarda yüksək bakteriya artımı müşahidə oluna bilər.

Əgər sərt pendirdirsə, kiflənmiş səthin ən azı 2,5 sm-ni kəsdikdən sonra istifadə edilə bilər.

Yumşaq pendirlər, kəsilmiş və ya doğranmış pendirlər isə istehlak edilməməlidir. Çünki belə pendirlərdə kif liflərinin dərinə çatması asan olur.

Qatıq, qaymaq, mürəbbə və jele kimi qidalar istehlak edilməməlidir, çünki nəmli qidalar kifin inkişafı üçün uyğun mühitdir.

Sərt meyvə və tərəvəzləri (kök, kələm) bərk pendirdə olduğu kimi kif yerindən ən azı 2,5 sm kəsilərək istifadə etmək olar. Bunun səbəbi kifin sərt materiallara eyni şəkildə yayıla bilməməsidir.

Yumşaq meyvə və tərəvəzlər (xiyar, şaftalı, pomidor) istehlak edilməməlidir, çünki kif göbələklərinin lifləri içəriyə çatmış ola bilər.

Kiflənmiş bişmiş məhsullar da heç vaxt yeyilməməlidir. Bu məhsullar məsaməli olduğundan, kif göbələklərinin lifləri içəriyə nüfuz edə bilər.

Fıstıq yağı, paxlalılar və qoz-fındıq da kiflidirsə, onlardan qaçınmaq lazımdır. Çünki bu qidaları konservantlardan istifadə etmədən emal etmək olar ki, bu da kif inkişafı üçün əlverişli mühit yaradır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər