17 Noyabr 2014 12:17
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlığı məqsədilə artıq əmr hazırlanıb.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, əmrə əsasən, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb.

Bundan əlavə, Yol İstismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb: "Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küvetlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir.

Eyni zamanda, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq".

Məlumatda qeyd olunub ki, bütün proses tam nəzarətdədir. Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı, saz və hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var.

İlkin mərhələ olaraq 24885 kubmetr qum, 1160 ton texniki duz ehtiyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması üçün müqavilə bağlanıb. Bundan əlavə, 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib.

Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq.


Müəllif:

Oxşar xəbərlər