7 Dekabr 2021 13:06
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Qalib Salahzadə 32-ci dəfə Həcc ziyarətinə gedib.

Bu barədə Teleqraf.com-a açıqlama verən Qalib Salahzadə hazırda Ümrədə olduğunu bildirib.

“1990-cı ildən bəri Həcc ziyarətinə gəlirəm. İki dəfə Məkkənin içərisində olmuşam, bu dəfə Ümrəni ziyarət etdim. Bu, kiçik Həcc ziyarəti sayılır”, - sabiq deputat deyib.

Onun sözlərinə görə, əsas duaları Azərbaycan xalqı, şəhidlərimiz və qazilərimizlə bağlı olub: “Hər dəfə Qarabağla bağlı dualar edirdim. Tanrı dualarımı eşitdi. Qarabağ azad edildi, burada xalqımıza firəvanlıq dilədim, Prezident İlham Əliyevə güc, qüvvət, can sağlığı arzuladım. Şəhidlərimizin ruhuna dualar oxudum, qazilərimizə Allahdan şəfalar istədim”.

Sabiq deputat qeyd edib ki, bu dəfə Səudiyyə Ərəbistanı torpağına ayaq basanda başqa bir münasibətin şahidi olub: “Ərəblər eşidəndə Azərbaycandan gəlmişik, bizi elə qonaqpərvərliklə, sayğı ilə qarşıladılar ki, özüm də təəccüb etdim. Bu dəfəki qarşılanma əvvəlkindən fərqli idi. Dedilər ki, biz sizin bu qədər güclü orduya sahib olduğunuzu bilmirdik. 44 günlük Vətən müharibəsini ərəblər də yaxından izləyirlərmiş. Qələbəmiz bizim kimi onları da qürurlandırıb. Çünki son on illiklər ərzində müharibə yolu ilə, özü də müasir döyüş üslubunda öz ərazi bütövlüyünü təmin edən başqa bir ölkə olmayıb. Onların bu münasibəti, baxışları məni çox sevindirdi. Bizim Ali Baş Komandan İlham Əliyev haqqında ərəblər yüksək fikirdədirlər və müsbət sözlər dedilər. Buraya Pakistan və Türkiyədən də zəvvarlar gəlmişdi. Onlar da bizi təbrik etdilər. Bir sözlə, budəfəki ziyarət mənə ikiqat, həm dini, həm də milli qələbəmizdən doğan münasibət baxımından mənəvi rahatlıq verdi. Allah hər kəsə Həcc ziyarətində olmağı nəsib etsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər