10 Dekabr 2021 09:05
2 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Sevinc xanım, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi artıq televiziya kanallarının monitorinqini yekunlaşdırıb. Nəticələr barədə məlumat verə bilərsinizmi?

- Qeyd etdiyiniz kimi, televiziya aparıcılarının nitqi monitorinqlərə cəlb olunub və dörd minə yaxın dil faktı aşkarlanıb. Nəticələrlə bağlı danışarkən təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı yenə də ciddi problemlər mövcuddur. Lakin müəyyən təkrarlanan məqamları bu monitorinq zamanı kənara qoyduq və çox ciddi, narahat edən problemlərin üzərində dayandıq. Məqsədimiz xətaların sayını çoxaltmaq yox, ümumi mənzərəni nəzərə çatdırmaq, problemin həlli üçün tövsiyə və təkliflər verməkdir. Hazırda monitorinqin nəticələri emal prosesindədir və hesab edirəm ki, yenə də böyük həcmli hesabatla ictimaiyyətə açıqlama verəcəyik. Növbəti ilin əvvəlində keçirilməsi nəzərdə tutulan bu tədbirdə düşünürəm ki, həmin telekanalların rəhbərləri və verilişlərin aparıcılarının da iştirak edəcək. Hesabatla bağlı bir neçə məqamı da diqqətinizi çatdırmaq istəyirəm ki, burada heç bir aparıcının ad və soyadını açıqlamayacağıq, yalnız verilişin adı və nöqsanın aşkar olunduğu vaxtı qeyd olunacaq.

Çünki bizi narahat edən yalnız nitq məsələsi, eləcə də Azərbaycan dilinin düzğün tətbiqi və saflığının qorunmasıdır. Azərbaycan dili ahəng qanununa istinad edən, özünün ciddi qanunauyğunluqları olan zəngin bir dildir. Bu dildən düzgün istifadə etmək lazımdır, hər bir söz məqamında işlənməlidir. Hər bir cümlə Azərbaycan dilinin sintaktik qanunauyğunluğu ilə tənzimlənməlidir. Çox təəssüf edirəm ki, aparıcılarımız başqa dildə düşünür və düşündükləri kimi də cümlə qururlar. Bu, yolverilməz, arzuolunmazdır. Nəzərə almaq lazımdır ki, televiziya ciddi təbliğat vasitəsidir və ədəbi dilin daşıyıcısıdır.

Nitq qüsurlarının aradan qaldırılması üçün aparıcılarımıza tövsiyə edərdik ki, gündəlik mütaliə ilə məşğul olsunlar. Bizim bədii ədəbiyyatımız çox zəngindir, İlyas Əfəndiyevin, Süleyman Rəhimovun, Bayram Bayramovun əsərləri ədəbi dilimizi əks etdirən ən gözəl nümunələridir. Nitqimizin zənginliyi məhz o əsərlərdən qaynaqlanır. Bu gün bizim aparıcılarımız mütaliə edirlərmi? Bax, bu, çox vacib məsələdir. Mütaliə etməyən şəxsin isə, əlbəttə ki, söz ehtiyatı zəif olacaq. Vurğuladığımız məsələlər bizi ciddi şəkildə düşündürür və aradan qaldırılması üçün konkret tövsiyə və təkliflərimizi verəcəyik. Hesabatımızda bu gün Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı arzuolunan və düzgün bildiyimiz yolları göstərəcəyik.

Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, qüsurlara təkrar yol verilməsi cərimələrin tətbiqinə birbaşa yol açacaq. Artıq ölkə başçısı da cərimələrin tətbiqi ilə bağlı müvafiq sərəncam imzalayıb, orada müəyyən məbləğ də göstərilib. Məqsəd odur ki, dilimizin saflığının qorunması və düzgün tətbiqi ilə bağlı bütün şərtlərə riayət olunsun.

- Monitorinqin nəticələri ilə bağlı televiziyalara ilkin məlumat verilib?

- Çıxışlarımızda, mətbuata açıqlamalarımızda monitorinqlərin ilkin nəticələri ilə bağlı, eləcə də yol verilən qüsurlar və ümumi mənzərə haqqında məlumat verilib. Arzu edərdim ki, hesabat müzakirəyə çıxarılana qədər həmin qüsurlar aradan qaldırılsın. Özüm hansı verilişin qonağı olmuşamsa, o verilişin aparıcısına nitqində olan qüsurlarla bağlı iradımı bildirmişəm. Məsələn, Azərbaycan Televiziyasının aparıcısına fikirlərimi bildirdikdən sonra gördüm ki, qüsurlar aradan qaldırılıb və bu məni çox sevindirir.

- Monitorinq Mərkəzi televiziyalarda aşkarlanan nöqsanların aradan qaldırılması istiqamətində hansı tədbirləri görəcək ?

- Biz artıq bir ildir fəaliyyət göstəririk və bu müddət ərzində ikinci böyük hesabatımızı ictimaiyytə təqdim edirik. Hazırda radioların monitorinqi davam edir və növbəti mərhələdə artıq radio bu monitorinqlə bağlı hesabatı təqdim edəcəyik. Monitorinqlərdən sonra aşkar olunan ciddi, yolverilməz və xarakterik nöqsanlar müəyyən ediləcək, onların aradan qaldırılması üçün Mərkəz tərəfindən televiziya və radio aparıcıları, sayt əməkdaşları üçün seminarlar təşkil ediləcək. Əgər bu insanlar peşələrinə olan sevgini və məsuliyyətli yanaşmanı nümayiş etdirmək istəyirlərsə, eləcə də qüsurların aradan qaldırılmasında maraqlı olacaqlarsa, mütləq bu seminarlara gələcəklər. Çıxış yolu axtarmaq üçün kursların, treninqlərin təşkil olunmasını arzulayacaqlar. İstənilən şəxsi, aparıcını o proqramda görmək çox xoş olacaq. Treninqlərdə görkəmli aparıcılarımız, qələm sahiblərimiz təmsil olunacaq. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi və Mətbuat Şurası tərəfindən təşkil olunan çox maraqlı bir müzakirədə iştirak etdim. Orada görkəmli yazıçımız Seyran Səxavətin televiziya aparıcılarının nitq qüsurları ilə bağlı maraqlı bir çıxışı oldu.

- Sizcə, bu monitorinqlərdən sonra aparıcıların nitqində dialekt təzahürləri, şivə göstəriciləri aradan qalxacaq?

- Doğrudur, dilimizdə çox gözəl dialekt və şivələr var. Amma efirin tələbləri başqadır, aparıcılar ümumxalq danışıq dilinə söykənən ədəbi dildə danışmalıdır. Ədəbi dil xalq dilinin cilalanmış təzahürüdür. Dialekt və şivələri televiziya məkanına gətirsək ekran qarşısında əyləşən gənc nəslin nitq mədəniyyətini formalaşmasını yanlış istiqamətləndirmiş olarıq.

- Azərbaycan dilinin söz ehtiyatı baxımından zəngin hesab edirsizmi?

- Həddindən artıq zəngin hesab edirəm. Təsəvvür edin ki, əsrlər boyu ərəb, fars, rus və Avropa dillərinin dilimizə təsiri olub, amma ata-babalarımız bu dili qorumağı bacarıblar. Yazıçılarımız, ziyalılarımız dilimizin bütün gözəlliklərini gələcək nəsillərə ötürərək bizə çox gözəl bir dil miras qoyublar. Bizim vəzifəmiz isə bu gün ölkə başçısının imzaladığı sərəncam və fərmanlardan irəli gələn məsələləri düzgün tətbiq etməklə dilimizi qorumaqdır. Dilimizin imkanları o qədər genişdir ki, istənilən fikri ifadə etmək mümkündür. Amma bundan düzgün istifadə etmək bacarığı necədir?! Düşündrücü məqam budur. Arzu edirəm ki, hər birimizin nitqi gözəl olsun, düşündüyümüzü, fikirlərimizi mükəmməl şəkildə, qüsursuz ifadə etməyi bacaraq.

- Lüğətə sözlər əlavə edilərkən, sizcə, hansı məqamlara diqqət yetirilməlidir?

- Bu gün dilimizdə qarşılığı ola-ola başqa dillərdən alınan sözlərin yerli-yersiz istifadənin əleyhinəyəm. Arzu edirəm ki, lüğət tərkibimiz dialektlər hesabına zənginləşsin, çünki dialektlərimizdə çox zəngin ifadələr var. Onlar ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsinə birbaşa vasitəçi ola bilər.

- Alınma sözlərdən danışdınız. Bu gün lüğətə sözlər əlavə edilərkən alınma sözlərə üstünlük verilir. Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Dil özü-özünü tənzimləyir. Bu mexanizmi daha düzgün yönəldən , dildən istifadə edən vətəndaş, xalq, kütlə var.Düşünməli deyilik ki, sözü hansı dildən gətirdikdə uğurlu olacaq. Dəfələrlə vurğulamışıq, uğursuz söz və ifadələr dildə işlək olmayacaq və istifadədən çıxacaq. Məsələn, dilimizdə natiq, sədr sözləri var, baxmayaraq ki, alınmadır artıq onlar vətəndaşlıq hüququ qazanıb. Mən artıq Milli Məclisin spikeri yox, Milli Məclisin sədri deyəcəm. Hər hansı sözü dilimizə gətirəndə son dərəcə ehtiyatlı olmalıyıq. Əgər hər hansı bir söz ifadə etdiyi məfhuma aiddirsə, biz onu termin kimi götürəcəyik. Əgər müəyyən məqamdan sonra o ümumişlək səciyyə daşıyacaqsa, dilimizdə yaşayacaq. Əks halda dilimizdən gedəcək.

-Leksikona əlavə olunan hansı sözü uğursuz hesab edirsiz?

- Belə nümunələr kifayət qədərdir. Məsələn, “spiker” sözü uğursuz oldu və dilimizdən getdi. “Kreativ” sözünü də uğursuz hesab edirəm. Bu gün dilimizdə yaradıcı sözü var, “yaratmaq” felindən “yaradıcı” sifəti əmələ gəlir. Əgər bu varsa, niyə “kreativ” sözündən istifadə etməliyik? İnanmıram ki, bu söz ümumxalq səciyyə daşısın, dilimizin lüğət tərkibində ümumişlək sözə çevrilsin. Belə sözlər müəyyən müddət işlənəcək və dildən çıxacaq. Məhz bu səbəblə biz lüğətləri beş ildən bir yeniləyirik.

- Orta məktəblərdə rus bölməsində təhsil barəsində nə düşünürsünüz? Dilimizə hansı mənfi və müsbət təsirləri var?

- Əlbəttə, çoxlu dil bilmək gözəldir, bir neçə dil bilmək təcrübə prosesində bizə kömək edir. Bu gün dublyajlardakı qüsurlardan, kitablardakı tərcümələrin çatışmazlıqlarından danışırıqsa, bu ən azı iki dili bilməməyin nəticəsidir. İnsan ən azı iki-üç dildə mükəmməl danışmağı bacarırsa, bu artıq onun intellektual göstəricisidir. Amma bu o demək deyil ki, başqa dilin təsiri ilə Azərbaycan dilində fonetik səhvlərə yol açaq. Bu gün Avropaya inteqrasiya üçün ingilis, fransız dilini bilməyimiz vacibdir. Ərəb və fars dillərini bilmədən klassik ədəbiyyata nüfuz etmək mümkün deyil. Bütün dilləri öyrənək, amma Azərbaycan dilində düşünməyi bacaraq. Tərcümə prosesinin zənginliyi üçün o dilin mükəmməlliyindən istifadə edək.

- Bakının küçələrində əcnəbi dildə reklam yazılarına, adlara tez-tez rast gəlinir. Bunun qarşısını almaq üçün nə düşünürsüz?

- Qeyd etdiyiniz mövzu bizi ən çox düşündürən məqamlardandır və çox aktual məsələdir. Bunun qarşısını almaq üçün yenə tərcümə mövzusuna qayıdırıq. Reklamlarda iki məsələ var: məzmun tərcüməsi və hərfi tərcümə. Başqa dildən götürülən reklamın uğurlu tərcüməsi məzmun tərcüməsidir. Məzmun tərcübəsində ən çox istinad etdiyimiz frazeoloji qatın tərcüməsidir, buna görə də bu gün dilimizdə zəngin frazeologiya lüğətlərinin olmasına çalışırıq. Digəri isə hərfi tərcümədir. Hər hansı bir dildən olduğu kimi tərcümə gəlirsə, yenə də məzmuna gəlmək lazımdır. Bu məsələləri ciddi bilən, ciddi şəkildə öyrənən mütəxəssis əlbəttə ki, reklamlarda olan uğurlu tərcüməni də həyata keçirə biləcək. Yalnız o halda yol kənarına vurulan reklamlardakı qüsurlardan yox, onların gözəl işıqlanmasından danışacağıq. Hesab edirəm ki, reklamların dili ilə bağlı nöqsanların aradan qalxması Reklam Agentliyi ilə birlikdə əsaslı tədbirlər görülməlidir. Onu da diqqətinizə çatdırmaq istərdim ki, artıq bu istiqamətində müəyyən işlər görülüb, müvafiq komissiya yaradılıb və komissiyanın bir üzvü də həmkarımızdır. Hesab edirəm ki, bu, faydalı əməkdaşlıq olacaq.

- Yeni yaradılan əcnəbi sözlərin dilimizdə qarşılığını tapmaq üçün hər hansı fəaliyyət varmı, bu işi zəruri hesab edirsinizmi?

- Bunu çox zəruri hesab edirəm və düşünürəm ki, bu bir qurumun işi deyil. Bu prosesə Azərbaycan dilini mükəmməl bilən bütün vətəndaşlarımız, ziyalılarımız qoşulmalıdır. Azərbaycan dilinin saflığının qorunması ilə məşğul olmaq istəyən, bu məsələdən narahat olan hər kəs Monitorinq Mərkəzinin ətrafında birləşməlidir. Yaxın zamanda qaynar xəttimiz və saytımız da fəaliyyətə başlayacaq. O insanların təklif və tövsiyələrini gözləyirik, əməkdaşlıq etməyə hər zaman hazırıq. Onu da qeyd edim ki, Monitorinq Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə mütəmadi əməkdaşlıq edir. Düşünürəm ki, dilimizin düzgün tətbiqi ilə bağlı missiyanı üzərinə götürən hər kəs daima fəaliyyətdə olmalıdır.

- Yazıçılarımızın dilimizin saflığının qorunmasına xidməti ,sizcə, qənaətbəxşdirmi? Bu sahəni komissiya öyrənirmi? Ümumiyyətlə, ədəbi əsərlərdə dil normalarına riayət olunurmu?

- Azərbaycan yazıçısı bu məsələdə ən öndə olan insanlar sırasındadır. Qələmi ilə , kitabı ilə oxucusunun görüşünə gələn hər bir yazıçı çox böyük əhəmiyyət daşıyır. Dilimizin bugünkü vəziyyəti o əsərlərdə aydın görünür. O nümunələrsiz nitqimizi inkişaf etdirmək mümkün deyil. Elçin, Anar kimi yazıçıların əsərlərinə qayıdaq, Süleyman Rəhimovu oxuyaq, İlyas Əfəndiyevi sevək. Çünki 1960-1980-ci illərin ədəbiyyatı çox gözəldir. Müasir yazıçılarımızdan xahiş edirəm ki, Azərbaycan dilinə Avropa tərzini tətbiq etməklə, uzun cümlələr qurmaqla yox, qısa və səlis cümlələrlə oxucunu düşündürməyi və onu öz dilində danışdırmağı bacaran əsərlərlə gəlsinlər oxucuların görüşünə.

-Mediadakı dil problemləri ilə bağlı nə deyərsiz? Hansı xarakterik nöqsan və çatışmazlıqları qeyd edə bilərsiniz?

- Bu gün media üçün orfoqrafik və orfoepik qaydalara əməl olunmamasını normal hesab edirəm. Məni narahat edən məsələ leksik normanın pozulması, alınma sözlərin yerli-yersiz istifadəsidir. Bu gün rus və ingilis dillərində düşünən aparıcımızın yanlış sintaktik konstruksiya tətbiq etməsi çox ciddi məsələdir. Aparıcının və ya sayt nümayəndəsinin dilimiz üçün xarakterik olmayan üslubu tətbiq etməsi narahatlıq doğuran mövzudur. Biz leksik, sintaktik və üslub məsələlərinə yönəlmişik. Bu üç məsələ dili və nitqi korlayan ən ciddi məsələdir. ASAN radioda Monitorinq Mərkəzinin “Nitq Mədəniyyəti” verilişi yayımlanır. Bu gün bizə daxil olan rəylərdən, təkliflərdən görürəm ki, insanlar həmkarımız Kəmalə Mustafayevanın təqdimatını gözləyirlər. Aparıcı yalnız nitqi və səsi ilə özünə tamaşaçı sevgisi qazana bilər. İnsanı məcbur edərək televiziya qarşısına gətirmək mümkün deyil, tamaşaçı məhz öz zövqünə uyğun nəsə axtarır. Bu gün radiolarda zövq oxşayan mahnıları çox təəssüf ki, nadir hallarda tapırıq, Bayağı Avropa musiqisi efirimizə hakim kəsilib. Gənc nəsli hansı ruhda tərbiyə edir, hansı mənəvi dəyərləri aşılayırıq? Hazırda efirləri reytinq anlayışı idarə edir, həmin reytinqi müəyyən edənsə tamaşaçı sayıdır. Bu gün niyə hamı Nailə İslamzadəni sevir? Nailə xanımın İctimai Televiziyada yayımlanan verilişinə köklənirik, doya bilmirik. Çünki dəvət etdikləri sənətkarlar da, mütəxəssislər də gözəl nitq sahibləridir. Bu gün inanıram ki, Lalə Azərtaş hansısa məclisdə olanda hamı ona sevgi ilə yanaşır.“Yeddi canlı” verilişində Vüsalə Əlizadə səhvə yol verdikdə səhvini düzəldir. Bəzən mənə deyirlər ki, müğənnilərimizin özünəməxsus ifa tərzi, nitqi yoxdur. Niyə Ağadadaş Ağayev, Faiq Ağayev, Tünzalə Ağayeva sevilir? Çünki nitqləri, danışıq tərzləri var. Gülyaz Məmmədova və Gülyanaq Məmmədova ən gözəl dialekt daşıyıcılarıdırlar, amma onların ifasında zərrə qədər dialekt əlaməti hiss olunmur. Bu, məsuliyyətdən irəli gələn məsələdir. Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyə vətəndaşı ilə evlənib. Amma Azərbaycan dilində necə mükəmməl danışmağı bacarır?! Onun da nitqinə baxın, digər həmkarlarımızın da nitqinə diqqət yetirin. Hansında daha çox türk dilinə xas olan intonasiya var?

- Amma Xoşqədəm Hidayətqızı da efirdə dialektlərdən istifadə edir...

- Bu, təbii haldır. Onun nitqi zəngindir. Monitorinqçi kimi deyə bilərəm ki, o, tamaşaçını düşündürməyi bacarır. Xoşqədəm xanım kifayət qədər tamaşaçı auditoriyası olan bir aparıcıdır. Ola bilər hərdən dialektlə danışsın, canlı efiri idarə etmək asan deyil. Nitqə köklənəndə məzmun unudulur, məzmuna köklənəndə nitq arxa plana keçir. Biz monitorinqlərdə canlı yayımlanan verilişlərini nəzərə almışıq. Əks halda daha çox nöqsan qeydə alınardı. Canlı verilişi idarə etmək məzmun və nitq baxmından çox çətindir. Bu gün eyni dil ailəsində olsaq da türk intonasiyasının Azərbaycan televiziyasına ayaq açması məni ciddi şəkildə narahat edir. Türk dilinin sözlərindən istifadə olunur. Azərbaycanca necə gözəl ifadələr var, niyə onlardan istifadə etmirik? Demişdim radioların monitorinqinə başlayacağıq. Radiolar verilişlərini gizlədib musiqi verirlər. Bu bir ay ərzində əməkdaşlarımız radiolarda veriliş tapa bilmirlər. Radio rəhbərlərindən biri deyir ki, mən ciddi şəkildə narahatam. Niyə? Çünki türkcə danışır. Amma kimin ki, gözəl nitqi var, işimizi dəstəkləyir. Burc FM iki gündür ki, verilişləri dayandırıb, ancaq mahnı səsləndirilir. Məktub göndərdik onlara. Bu sadəcə məsuliyyətsizlik, öz vətəndaşlığını dərk etməmək, Azərbaycana bağlı olmamaqdır. Flora Kərimova mənə deyir ki, dilimizin gözəlliyini aparıcıların nitqindən qurtarın. Müğənnilərdən Elnarə Abdullayeva narahatdır, çünki mahnını dialektlə oxuyur. Olmaz. Ən azından tamaşaçıya hörmət etmək lazımdır. Dialekt o regionun insanları ilə ünsiyyətdə gözəldir.

- Dil normalarının pozunmasına görə cəza tətbiqinə münasibətiniz necədir?

- Çox normal hesab edirəm. Əgər yol hərəkəti qaydasını pozmamaq üçün yox, cərimə ödəməmək üçün kəmərdən istifadə edilirsə, qoy cərimə ödəməmək üçün aparıcıları seçsinlər. Ən azından bundan sonra sahibkar görülən işə nəzarət edəcək, baxacaq aparıcı səhv edirmi? Cərimə ana dilimizi qorumaq üçün ciddi vasitədir. Televiziyalarla bağlı bir dəfə xəbərdarlıq verəndən sonra mən cərimələrin tətbiqi üçün artıq ayağa qalxacam, ziyalılarımıza səslənəcəm. Yüzlərlə, minlərlə insan deyəcək ki, bəli, cərimələr tətbiq olunsun. Sözsüz ki, aparıcısı qüsurla danışan qurum rəhbəri narazılıq edəcək, narahat olacaq. Niyə Emin Musəvi narahat deyil? Çünki danışmağı bacarır. Nümunəvi radio rəhbərini də, nümunəvi aparıcını da xalqa təqdim edəcəm.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər