8 Dekabr 2021 10:48

"Ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gənc daxil olur. Bu, əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur".

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar: "Digər tərəfdən, ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil".

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92% artdığını qeyd edib: "Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub, bu ödənişlərdə də 30% artım olub".


Müəllif: Yeganə Oqtayqızı