17 Noyabr 2014 20:14
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Koustal Karolina Universitetinin professoru Anna Oldfield Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəvəti ilə Azərbaycana gələn xanım professor “Azərbaycanda musiqi və multikultiralizm”, “XIX əsr qadın aşıqlarının həyatı və mühiti”, “Azərbaycan aşıqları və adət-ənənələrdə transformasiya” mövzusunda araşdırmaların müəllifidir.

Anna Oldfield Viskonsin-Madison Universitetində “Azərbaycanın qadın aşıqları: adət-ənənələr və onların transformasiyası” mövzusunda dissertasiya müdafiə edərək etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən görüşdə Anna Oldfieldin Azərbaycan folklorunun ABŞ universitetlərində tədrisi təklifinə cavab olaraq Fondun icraçı direktoru Oktay Səmədov bildirib ki, Bilik Fondu tədris vəsaitlərinin toplanmasında, tərcüməsində amerikalı professora dəstək verməyə hazırdır.

Anna Oldfield ədəbiyyatın seçilməsində konkret istiqamət müəyyənləşdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tələbələr Azərbaycan dastanlarını, xüsusən “Koroğlu”nu, “Aşıq Qərib”i, “Kitabi-Dədə Qorqud”u, “Əsli və Kərəm”i öyrənməkdə maraqlıdırlar. Tədrisdə müasir texnologiyaların tətbiqinin vacibliyinə toxunan xanım professor vurğulayıb ki, auditoriyalarda filmlərin ingilis dilində subtitrlə nümayişi daha effektlidir.

O.Səmədov bu fikri müsbət dəyərləndirərək deyib ki, Bilik Fondu dastanlarımızın ekran variantlarını Anna Oldfieldin təklif etdiyi formada ona təqdim edə bilər.

2015-ci ildə Azərbaycanda Alman şərqşünası Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinə həsr olunmuş tədbirlərin keçiriləcəyi planlaşdırılır. Amerikalı proffessorun həmin tədbirlərdə iştirakının məqsədəuyğun olacağını bildirən icraçı direktorun dəvətini Anna Oldfield məmnunluqla qəbul edib.


Müəllif:

Oxşar xəbərlər