Şuşada iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Dekabrın 9-da Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.