"Noyabr ayının göstəriciləri də daxil, hazırda “Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-nə borcu 20 milyon manatın üzərindədir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktor Ruslan Əliyev deyib.
O bildirib ki, borcla bağlı bu gün “Azəristiliktəchizat" ASC-yə məktub göndəriblər: "Bizdə olan məlumata görə, “Azəristiliktəchizat"a dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 milyon mantdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırmasını həyata keçirəcəyik.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin öz iqtisadi göstəricləri var. Bu ilin 11 ay ərzində “Azəriaz” “Azərkontrak” ASC-dən aldığı qazın 100 faiz dəyərini - ümumilikdə 575 milyon 350 min manatını ödəyib. Həmin məbləğin içərisində “Azəristiliktəchizat" ASC-yə verilən qazın dəyəri də var.
Amma "Azəristilik" aldığı qazın maya dəyərini ödəməyib. Biz “Azərkontrak” ASC-dən qazın min kubmetrini 118 manata alırıq. Bir qurum olaraq təbii ki, çətin vəziyyətə düşürük. Biz vergi, DSMF kimi ödənişləri saxlaya bilmirik".