Minimum pensiyanın minimum əmək haqqına olan nisbətinə görə
Ötən 10 ildə əhalinin real gəlirləri orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, ötən müddət ərzində yoxsulluq səviyyəsi 5,3 faizə enib və hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.
Elman Mehdiyev həmçinin qeyd edib ki, 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Eləcə də MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmiz ilk yerdə qərarlaşmışdır. Həmin nisbət Azərbaycanda 95,2%, Belarusda 79,8%, Rusiyada 70,4% təşkil edir.
Naibə QURBANOVA