Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə Ankaradakı Şuşa Konqres Mərkəzində “44 Gün Vətən Müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabın təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, 10 dekabr 2020-ci il Zəfər Paradının ildönümündə keçirilən tədbir Türkiyə Respublikasının ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıçın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi informasiya dəstəyindən bəhs edilib.
Təqdimat mərasimində Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, fondun rəhbəri, Türkiyə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Əttar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq üzrə baş direktoru İsmail Hakkı Musa, Moldovanın Türkiyədəki səfiri Dimitri Kroitor, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının Azərbaycan üzrə İş Şurasının sədri Selçuk Akat və Yedditəpə Universitetinin müəllimi Prof. Dr. Teymur Rzayev çıxış edərək keçən il Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və Hulusi Kılıçın Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələr barədə fikirlərini bildiriblər.
Səfir Rəşad Məmmədov Azərbaycandan “Dostluq” ordeni almış Hulusi Kılıçın Vətən müharibəsinin hər anında ölkəmizin yanında olduğunu, Azərbaycanın haqq savaşının dünya miqyasına çıxarılmasında dəstəyini əsirgəmədiyini vurğulayıb, diplomatı “dar günün dostu” adlandıraraq bunu fəaliyyəti ilə sübuta yetirdiyini qeyd edib.
Tədbirdə bildirilib ki, kitabın satışından əldə olunan gəlir H.Kılıçın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmış “Yaşat” Fonduna bağışlanıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva onlayn tədbirə qatılaraq xoşməramlı addımla bağlı arzularını çatdırıb.
Təqdimat mərasimində cənab Hulusi Kılıçın tərcümeyi-halı ilə bağlı videoçarx və Zəfər Paradından görüntülər izlənilib.
Mərasimin sonunda sözügedən kitabın imzalanma mərasimi keçirilib.