11 Dekabr 2021 15:23
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlbəttə, indiki halda “Media haqqında” qanunun hazırlanıb ictimaiyyətə təqdim olunması müsbət hadisədir. Digər müsbət cəhəti ondan ibarətdir ki, bu gün müasir, texnoloji cəhətdən yenilənən, konvergensiya şəraitində olan, qloballaşma şəraitində olan mediada hüquqi münasibətlərin tənzimlənməsi nəzərə alınaraq hazırlanıb.

Bunu Teleqraf.com-a açıqlamasında media üzrə ekspert Qulu Məhərrəmli deyib.

O bildirib ki, “Media haqqında” qanunda bir çox yeni müddəalar yer alıb:

“Buraya onlayn medianın tənzimlənməsi, yazılı medianın tənzimlənməsi, elektron medianın tənzimlənməsi ilə bağlı günün, dövrün reallıqlarını nəzərə alan maddələr daxil edilib. Bunlar çox lazımlı və vacib məqamlardır. Qanunun ümumi fəlsəfəsi media ilə hakimiyyət, media ilə dövlət, media ilə cəmiyyət arasında hüquqi münasibətləri tənzimləmək, müəyyən sərhədləri qoymaqdan ibarətdir. Əlbəttə, bu qanun hazırlıq mərhələsindədir. Parlamentdə iki komissiyanın komitələrininn işçi qruplarında işləniləcək, səslənən təkliflər, iradlar təbii ki, nəzərə alınacaq. Ona görə də bu layihənin cəmiyyətin, ölkə ictimaiyyətinin müzakirəsinə verilməsi çox müsbət haldır. Bununla yanaşı layihədə nəzərə alınması vacib olan bir çox nüanslar var. Birinci növbədə biz çalışmalıyıq ki, istənilən qanunda, o cümlədən media haqqında qanunda söz və mətbuat azadlığına zərər verə biləcək heç bir məqam olmasın. Qanundan ümumavropa konvensiyasının müddəalarına uyğun gəlməyən bir çox müddəalar var. O cümlədən, informasiyanın alınıb, işlənməsi və çatdırılması ilə bağlı. Burda müsbət cəhət ümumi media reyestrinin hazırlanmasıdır, mən bunu müsbət qarşılayıram. Çünki o qədər belə sürətli proseslər gedir, hər gün yeni media qurumları yaranır, bağlanır və bununla bağlı lazımı bilgilər əldə eləmək bəzən çətinləşir. Ümumi reyestr məsələsi yaxşıdır. Amma jurnalistlərin reyestrdən keçirilməsi ağlabatmaz bir şeydir. Hesab edirəm ki, o maddə ordan çıxardılmalıdır. Digər ciddi bir məsələ internet mediasının, yəni internetin media profilinin tənzimlənməsi məsələsinin qoyulmasıdır. Doğrudur, qanunda açıq şəkildə yutub kanalları, internet televiziyaları ilə bağlı maddə yoxdur. Bunlar orda üstüörtülü adla, “platforma yayımçısı” deyilən maraqlı bir adla təmsil olunur və onun lisenziyalaşdırılması tələb olunur. Mənə elə gəlir ki, cəmiyyətdə narahatlıq yaradan məqamlardan biri budur. O maddəyə baxmaq lazımdır, dünyanın heç yerində media, internet mediası, o cümlədən yutub kanalları o şəkildə tənzimlənmir”.

Qulu Məhərrəmli hesab edir ki, “Media haqqında” hazırlanan yeni qanun layihəsində bəzi maddələrə təkrar nəzər yetirilməlidir: “Məsələn, jurnalist kimdir, onun hansı hüquqi statusu var? Ona yenidən baxmaq lazımdı. Çünki çox məhdud izah olunur və bu yalnız əmək müqaviləsinə, hüquq müqaviləsinə bağlanır. Halbuki jurnalistika fəaliyyəti daha geniş spektri əhatə edir və bununla bağlı YUNESKO-nun hələ 30 il bundan əvvəl verdiyi təkliflər var. Təkliflərdə qeyd olunurdu ki, freelancerlər, yəni azad jurnalistika fəaliyyəti ilə məşğul olanlar, blogerlər jurnalist kimi adlandırılır. Yəni, KİV-də çalışan, yaradıcı fəaliyyətlə məşğul olan hər kəs, o cümlədən müstəqil şəkildə məlumat alınması, yayılması, işləməsi ilə bağlı olan peşə sahibləri jurnalist hesab olunur. Söhbət cəmiyyətin məlumatlandırma kontekstində fəaliyyətdən gedir. Jurnalist anlayışını dar çərçivədə qəbul eləmək olmaz. Önəmli məsələlərdən biri də bu qanunda ümumavropa konvensiyasını və eləcə də ölkə konstitusiyasının uzlaşmayan maddələrinin aradan qaldırılmasıdır. Hesab edirəm ki, bizim hüquqşünaslar bu məsələyə diqqət yetirib, bu qanun layihəsini daha cilalanmış variatında ictimai müzakirəyə çıxarda biləcəklər. Məncə, burda və gizli çəkilişlərin aparılması ilə bağlı maddə mübahisə yarada bilər. Bu və digər maddələr var ki, bunların hamısına təkrar baxmaq lazımdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər