13 Dekabr 2021 11:35
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 17-si görkəmli Azərbaycan alimi, maarifçisi və pedaqoqu, tanınmış jurnalist, Azərbaycan Xalq Cumhuriyyətinin yorulmaz araşdırıcısı Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, unudulmaz Şirməmməd Hüseynovun doğum günüdür. Yaşasaydı 97-ci yaşını qeyd edəcəkdik. Hərçənd Azərbaycan Respublikası Prezidenti hörmətli İlham Əliyev cənablarının sözləri ilə desək “Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır...” söyləyir və Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin “Azərbaycan qəzetəçiliyinin duayeni Şirməmməd Hüseynov” xüsusi sayı da məhz ölkə başçısınln bu sözləri ilə açılır. Daha sonra Şirməmməd müəllimin tərcümeyi-halı, aforizmə çevrilmiş bəzi deyimləri, ölkənin tanınmış alim və ictimai xadimləri, söz adamları, Şirmməmməd müəllimin həmkarları və tələbələrinin məqalə və rəyləri yer alır dərgidə.

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Şirməmməd Hüseynov zirvəsi”, millət vəkili, akademik Rafael Hüseynovun “Ustada vida”, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Həqiqət və ləyaqət simvolu”, Vüqar Zifəroğlu və Samir Xalidoğlunun “Böyük jurnalist və yorulmaz tədqiqatçı-alim”, professor Cahangir Məmmədlinin “Ömrümüzün Şirməmməd Hüseynov təsəllisi”, dosent-doktor Aygün Əzimovanın “ Milli yaddaşın və milli ruhun simvolu”, professor Alxan Bayramoğlunun “Riyaziyyatçı jurnalist”, dosent-doktor Könül Niftəliyevanın “ Milli tarixmizin istiqlal səhifələri”, tanınmış jurnalist Hikmət Sabiroğlunun “Şirməmməd müəllimin dərsləri”, Samir Xalidoğlunun “Müəllimi xatırlarkən” məqalə və xatirələri Şirməmməd Hüseynovun şərəfli ömür yoluna işıq tutur, onu Türkiyənin, xüsusən də akademik dairələrinə yetərincə tanıdır.
Dərginin xüsusi sayında 4 bölümdə verilmiş qısa rəylər və xatirələr də vacibdir. I bölümdə Xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, akademik Bəkir Nəbiyev, fəlsəfə doktoru, millət vəkili Fazil Mustafa, görkəmli ictimai xadim Ramiz Abutalıbov, yazıçı, millət vəkili Aqil Abbas və akademik Muxtar Kazımoğlunun, II bölümdə tanınmış telejuranlist,professor Qulu Məhərrəmli, professor Nəsiman Yaqublu, tanınmış yazıçı-jurnalist Elçin Mirzəbəyli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunun, III bölümdə Xalq şairi Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev, professor Tofiq Köçərli və Xalq yazıçısı Afaq Məsudun, IV bölümdə isə “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Real Təhlil İnformasiya Mərkəzinin direktoru, tanınmış telejurnalist Mirşahin Ağayev, tanınmış jurnalist və siyasi şərhçi Tofiq Abbasov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, tanınmış jurnalist Yusif Rzayev, tanınmış jurnalist, yazar Tahir Aydınoğlu və tanınmış telejurnalist-tədqiqatçı Bəxtiyar Qaracanı fikirləri yer alıb.

Təqdim olunan yazılar Şirməmməd müəllimin həyatının müxtəlif dönəmlərini əks etdirən maraqlı fotolarla müşayiət olunur. Eyni zamanda, Şirməmməd Hüseynovun uzun müddət yaxın dostluq etdiyi Bəxtiyar Vahabzadənin ithaf şeiri də “xüsusi saya” əlavə bədii əhəmiyyət qazandırır.

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Şirməmməd Hüseynov zirvəsi” məqaləsində yazır: “Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “millətin mühəndisi”, “müasir milli düşüncəmizin arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır. Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında ən səmimi duyğularını belə ifadə etmişdi: “Şirməmməd - əxlaqın, haqqın öz səsi / Ləyaqət, dəyanət mücəssəməsi!”

“Şirməmməd Hüseynov xüsusi sayı”na daxil edilmiş mətnlərin tərcüməçisi Əbdülqədir Özkandır, “xüsusi say”ın koordinatoru jurnalist Bəxtiyar Səlimovdur.

Dərgi ilin son nəşri kimi də əlamətdardır və bu sayı vərəqlədikcə dərginin son iki ildə Azərbaycanla bağlı nəşr etdiyi “xüsusi sayların” üz qabıqlarının rəsmini görmək də xoş təsir bağışlayır. Görkəmli Azərbaycan ədibləri və şəxsiyyətləri ilə bağlı “Təmrin” dərgisində hazırlanan bu buraxılışların ideya müəllifi, həmçinin layihə rəhbəri və tərtibçisi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu eksklüziv açıqlamasında bildir ki, bundan sonra da bu ənənəni davam etdirmək niyyəti vardır: “Bu çox gözəl layihədir. Biz Türkiyə ilə hər nə qədər yaxın olsaq da görkəmli şəxsiyyətlərimizin davamlı şəkildə tanıdılmasına-həm orda, həm burda ciddi ehtiyac var. İndiyə qədər Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Nurəngiz Günə həsr olunmuş xüsusi saylar nəşr edilib. İndi isə sözə, mətbuata az və çox dəxli olan hər bir kəsin özünə müəllim saydığı unudulmaz Şirməmməd Hüseynova həsr olunmuş “xüsusi say” işıq üzü görüb. Bu çox əlamətdardır, eyni zamanda böyük müəllimin doğum gününə bir hədiyyədir. Mən bütün bu layihələrə dəstək vermiş dəyərli millət vəkilimiz Cavanşir Feyziyevə, “Təmrin” dərgisinin sahibi Şərəf Yılmaza, tərcüməçilərə, bu gün isə xüsusən Əbdülqədir Özkana, bütün bu sayların ərsəyə gəlməsində az-çox zəhməti olan hər bir kəsə dərin təşəkkür edirəm...”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər