Dünən şikayətçi Rövşən Əliyevin valideyninin “İrşad Electronics”in kredit dolaşıqlığı ilə üzləşməsi barədə yazı vermişdik.
Teleqraf.com-un xəbərinə görə, problem işıqlandırıldıqdan sonra “İrşad Electronics” şikayətə reaksiya verib.
Bu barədə saytımıza açıqlama verən Rövşən Əliyev bildirib ki, ona baş ofisdən zəng olunub: “Dünən baş ofisdən zəng vurub üzr istədilər. Bu gün də həmin mağazanın müdiri zəng etmişdi. Artıq çıxılan pulu götürə biləcəyimizi dedilər. Mən anamla kobud rəftar etdiyi üçün işçi xanımın üzr istəməsini tələb etdim və üzr istənildi”.
“Problemin həll olunması üçün gərək mediaya müraciət edəsən. Özümüz zəng edəndə və ya yazanda yola verirdilər. İndi hamısı təşvişə düşmüşdü” – deyə, Rövşən Əliyev qeyd edib.
Məlumat üçün bildirək ki, kredit borcunu ödəmək üçün “İrşad Electronics”in Masazır filialına yaxınlaşan müştərinin plastik kart hesabından iki dəfə pul çıxılıb. Səhvə yol verən mağazanın əməkdaşı müştəriylə kobud davranıb və pulun qaytarılması üçün Kapital Banka yaxınlaşmalı olduğunu deyib. Nəticədə bank pulun qaytarılmasını “İrşad”ın üstünə atıb, “İrşad” da bankın.