Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində baş tutdu. Ölkə Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşündə, eyni zamanda özünün sonrakı açıqlamalarında dünyanı təhdid edən COVID-19 pandemiyası ilə mübarizə məsələlərinə xüsusi yer ayırıb. Prezident vurğuladı ki, bu ümumi bəlaya qarşı mübarizədə birləşmiş səylər göstərməli, koordinasiya olunmuş fəaliyyət olmalıdır.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
“Hər bir dövlət özü milli səviyyədə mübarizə aparmaqla yanaşı, beynəlxalq səviyyədə də bu bəlaya qalib gəlmək üçün töhvələrini verməlidir. Prezident bu kontekstdə Azərbaycan dövlətinin yeritdiyi siyasətə diqqəti cəlb etdi. Məlum olduğu kimi, pandemiyanın başladığı ilkin dövrlərdən Azərbaycan Prezidentinin rəhbərliyi altında Qoşulmama Hərəkatının sammiti keçirildi. Bu sammitdə cənab Prezident unikal bir təşəbbüslə çıxış etdi. Bu, pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə həsr edilmiş BMT baş məclisinin xüsusi sessiyanın keçirilməsi məsələsi idi. Cənab Prezidentin bu təşəbbüsünü 150-dən çox Qoşulmama Hərəkatına üzv olan dövlət müdafiə etdi. Ötən ilin dekabr ayında məlum xüsusi sessiya baş tutdu. Bundan əlavə, Azərbaycan təkcə səylərin birləşdirilməsi deyil, eyni zamanda bu bəlaya qarşı mübarizədə peyvəndlərin əlçatanlığının təmin edilməsi, bərabər bölüşdürülməsi, orada qiymətlərin münasib olması, hər bir dövlətin onu almaq üçün imkanı olması məsələsini qabartdı. Cənab prezident "peyvənd millətçiliyi"nə qarşı diqqəti cəlb etdi. Bu istiqamətdə Azərbaycanın səyləri var. Bu ilin mart ayında BMT-nin insan hüquqları şurası Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələlərə həsr olunmuş xüsusi qərar qəbul edib. Bu il noyabr ayının 17-də BMT-nin Baş Məclisi də "peyvənd millətçiliyi"nə qarşı mübarizə ilə bağlı anoloji qərar qəbul edib. Bütün bu təşəbbüslər Azərbaycandan gəlib”- deyə qeyd edib.
Elman Nəsirov bildirib ki, Prezident pandemiya ilə mübarizədə Avropa İttifaqı ölkələrini fəal olmağa dəvət edib:
“Çünki bir həqiqətdir ki, Avropa ölkələrinin əksəriyyəti iqtisadi baxımdan inkişaf etmiş dövlətlərdir. Cənab Prezidentin əvvəlki çıxışlarında da qeyd olunub ki, bu gün 10 ən inkişaf etmiş dövlət dünyada olan peyvəndlərin 75 faizinə sahibdir. Kasıb dövlətlərdə isə bu göstərici 2 faizə yaxındır. Bu özü ədalətsiz bölgüdür və dünyamız üçün heç bir halda faktiki ədaləti ön plana çəkmir, bu artıq sözün həqiqi mənasında bir millətçilikdir, amma onun adı "peyvənd millətçiliyi"dir. Bu məqamlara diqqət yetirərək Avropa İttifaqı ölkələrinin bu prosesdə də öz töhfələrini vermə məsələsini gündəmə gətirdi. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan bu gün cənab Prezidentin söylədiyi kimi dünya miqyasında elə də böyük dövlər olmasa da, amma onun sözünün mənası və çəkisi böyükdür”.