Dekabrın 20-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər arabir duman olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-14° isti,Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 20-21-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən cənub-qərb küləyinin 21-də şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.