Təlimata görə, “Mİ 17” helikopterləri eniş edərkən küləyin öndən sürəti saniyədə 20, yandan 16, arxa hissədən isə 8 saniyədən artıq olmamalıdır. Hadisə baş verərkən ərazidə küləyin sürəti saniyədə 16 metr olub və uçuş vaxtı küləyin sürəti ilə bağlı normativlər pozulmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən və noyabrın 30-da baş vermiş helikopter qəzası ilə bağlı açılmış cinayət işi üzrə ilkin nəticələr açıqlanarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini,helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bildirib.
O qeyd edib ki, qəzaya pilotların hava axınına qarşı deyil, məhz helikopter hava axınında olarkən enişə keçməsi səbəb olub.
Belə ki, arxa hissədən küləyin sürəti saniyədə 8 metr olmalı olduğu halda, eniş vaxtı bu normativ gözlənilməyib və helikopterin qəzaya uğramasına gətirib çıxarıb.