20 Dekabr 2021 15:53
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Dövlətin ali məqsədi insanlar üçün ləyaqətli həyat şəraitini təmin etməkdir. Hər ilin büdcəsi hazırlanarkən bu reallıq hər zaman diqqət mərkəzində saxlanılır.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, dövlət başçısının imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin edib:

“Ötən il Azərbaycan büdcəsində sosial yönüm təxminən 38 faizə yaxın idisə, bu il bu göstərici 46 faizdən yuxarıdır. Bu özü göstərir ki, Azərbaycan vətəndaşının sosial müdafiəsi, sosial rifahının təmin edilməsi dövlət üçün ali məqsəddir. Ölkə başçısının 2022-ci ildə əhalinin sosial rifahının təminatı ilə bağlı imzaladığı sənədlər dediklərimizi bir daha təsdiq edir. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Artıq dövlət büdcəsində bütün sahələr üzrə çalışan insanların əmək haqqları, müavinətlər, pensiyalar, tələbə təqaüdlərinin həcmi artırılıb. Dünya bazarında qiymətlər artır, bir çox məhsullar ölkəyə artmış qiymətlə idxal olunur. Nəticə etibarilə insanların çətinliklə üzləşməməsi, onların sosial vəziyyətinə mənfi təsir göstərməməsi üçün öllkə başçısı qabaqlayıcı addımlar atır. Xüsusilə də həssas koteqoriyada olan şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə diqqət ən yüksək səviyyədə təmin edilib. Nəzərə alsaq ki, indiyədək 7200-dən çox müharibə əlili avtomobillə təmin edilib. 1997-ci ildən 2007-ci ilə qədər qəbul edilmiş dövlət proqramı əsasında 10 500 şəhid ailəsi mənzillə təmin edilib. 2021-2026-cı ildə daha 11 000 şəhid ailəsinin mənzillə təmin edilməsi planlaşdırılıb. Bütün bunlar göstərir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ilk növbədə Azərbaycan xalqının güzəranı, həyat şəraitinin yüksək təmin edilməsinə istiqamətlənib”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər