18 Noyabr 2014 11:29
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlər pedaqoji innovasiyaları nümayiş etdirəcək

21-23 noyabr 2014-cü ildə Bakıda “Park İnn” mehmanxanasında “eTwinning Plus” layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək. Teleqraf.com-a Təhsil Nazirliyindən verilən xəbərə görə, tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya və Fransanın “eTwinning” layihəsi üzrə nümayəndələri, yerli və əcnəbi təcrübəli müəllimlər qatılacaq. İştirakçı ölkələrin müəllimləri layihənin uğurlu icrası üçün öz tövsiyələrini verəcək, pedaqoji innovasiyaları, uğurlu layihələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı 2013-cü ildən etibarən Avropa Şurasının maliyyələşdirdiyi “eTwinning Plus” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Avropa İttifaqının Davamlı Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişləndirilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı təmin edilir, pedaqoji işçilərə əməkdaşlıq və təhsil layihələrini reallaşdırmaq imkanı yaradılır.


Onu da bildirək ki, “eTwinning” pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq “eTwinning” icmasına üzv olanların sayı getdikcə artıb və 200000 nəfərə çatıb.

“eTwinning Plus” isə Avropaya qonşu ölkələr üçün “eTwinning” portalının genişlənməsidir. Avropa qonşuluq siyasəti 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi məqsədilə işlənib-hazırlanıb.

eTwinning Plus pilot layihəsində altı Avropaya qonşu ölkə iştirak edir: Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis.

Təhsil Nazirliyindən verilən məlumata görə, “eTwinning Plus” layihəsinə Azərbaycan üzrə müvafiq bacarıqlara malik fəal və innovativ müəllimlər qoşulub. Layihə çərçivəsində müəllimlər şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual dərslər hazırlayırlar. Həmin müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənilir, ən uğurlu layihələr, ən fəal müəllim və şagirdlər seçilərək mükafatlandırılır. Fərqlənən müəllimlər “eTwinning” layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak edirlər.

Seminarın sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.

NİGAR


Müəllif:

Oxşar xəbərlər