Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin "e.customs.gov.az" portalı və "Smart Customs" mobil tətbiqinin yeni versiyalarının təqdimatı keçirilib. Media nümayəndələri üçün keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov, Rəqəmsal Gömrük İnzibatçıığı İdarəsinin rəisi Rauf Quliyev və Komitənin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov çıxış edərək bildirib ki, gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük işinin təkmilləşdirilməsi məqsədilə gömrük infrastrukturunun və əsasən də Komitənin mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi sahəsində mütəmadi olaraq işlər görülür. Baş İdarə rəisi vurğulayıb ki, Komitə tərəfindən yeni informasiya texnologiyalarına əsaslanan elektron xidmətlər hazırlanır və vətəndaşların istifadəsinə təqdim olunur. "e.customs.gov.az" portalı, "Smart Customs" mobil tətbiqi və "Ticarət Statistikası Portalı" da gömrük orqanları tərəfindən hazırlanan növbəti elektron xidmət layihələridir.
Qeyd olunub ki, Komitə tərəfindən vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə bu ildən elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləşdiyi "e.customs.gov.az" portalı istifadəyə verilib. Hazırda portal üzərindən xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərin istifadəsi üçün 13 elektron xidmət təqdim edilir. Yaxın gələcəkdə portal üzərindən göstərilən elektron xidmətlərin sayının 30-a qədər artırılması planlaşdırılır. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Veb portalın istifadəsinin anlaşıqlı olması üçün elektron xidmətlər aidiyyəti üzrə bölünmüş şəkildə müvafiq menyulardan ibarət olmaqla əks olunur. "Rəy və təkliflər" bölməsində istifadəçilər tərəfindən ünvanlanan təkliflər nəzərə alınaraq e-xidmətlərin davamlı olaraq yenilənməsi həyata keçirilir. Eyni zamanda, portalın interfeysi bütün yaş qrupları üzrə istifadəçilər üçün sadə, rahat və əlçatan şəkildə layihələndirilib. Portalda istifadəyə verilmiş hər bir elektron xidmət üzrə yazılı və video təlimat, daha çox istifadə olunan digər qurumların portallarına keçidlər yerləşdirilib.
Yeniliklərdən biri də odur ki, portalda qeydiyyatdan keçmiş istifadəçilər üçün "Bildiriş" və "Elanlar" funksiyaları əlavə olunub. "Bildiriş" funksiyası vasitəsilə istifadəçilər aparılan gömrük əməliyyatlarına dair məlumatları əldə edə bilirlər. Bu xidmət xüsusi ilə gömrük rəsmiləşdirilməsi zamanı idxalatçılar üçün çox vacibdir. Belə ki, gömrük bəyannaməsi təqdim edildikdən sonra bəyannamənin icra vəziyyətini "Bildiriş" xidməti vasitəsi ilə izləyə bilərlər.
Portalda bəzi xidmətlərin İP həlləri təqdim olunur. Artıq 8 bank və 100-dən çox poçt və kuryer şirkətləri bu həllərdən istifadə edir.
Eyni zamanda, "e.customs.gov.az" portalında daha çox istifadə edilən elektron xidmətlərin mobil versiyaları "Smart Customs" mobil tətbiqi üzərindən təqdim olunur. Hal-hazırda istifadəyə verilmiş 13 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib.
"Smart Customs" mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasına bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları "e.customs.gov.az" portalındakı bilidirişləri artıq "Smart Customs" mobil tətbiqi vasitəsi ilə də izləyə biləcəklər.
Ümumiyyətlə, cari ilin 11 ayında Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 10 milyon 832 mindən çox olunub.
2021-ci ilin 11 ayı ərzində təkcə "e.customs.gov.az" portalı və "Smart Customs" mobil tətbiqi üzərindən 5 milyon 557 mindən çox Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ümumilikdə, 166 min nəfərdən çox istifadəçi portlada qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 358 min nəfərdən çoxdur. Onlardan 222 min nəfəri Android, 136 min nəfəri isə İOS platformasının istifadəçiləridir.
Tədbir çərçivəsində Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev tətbiq edilən yeniliklərlə bağlı xüsusi təqdimatla çıxış edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi