Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
DSX-dən Teleqraf.com-a bildirilib ki, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapının saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “marixuana” aşkarlanıb.
Saxlanılmış şəxslərin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.