Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 6 ərazidə qanunsuz heyvan kəsiminin qarşısını alıb.
AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, agentliyin müfəttişlərinin Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Nərimanov rayonu, A. Məmmədov küçəsi ilə Ş. Mustafayev küçəsinin kəsişməsində fiziki şəxslər Şükürzadə Zəfər Rəşid oğluna və Mirzəyev Vahim Mirzəmməd oğluna, Ü. Bünyadzadə küçəsi ilə R. Axundov küçəsinin kəsişməsində fiziki şəxs Qasımov Rəşad Tofiq oğluna, Əliyar Əliyev küçəsi 11a ünvanında fiziki şəxs Həsənov Allahverdi Əhməd oğluna, Ş. Mustafayev küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində fiziki şəxs Əhmədov Vüqar Rəfail oğluna, V. Maykovski küçəsi ilə Z. Xəlilov küçəsinin kəsişməsində fiziki şəxs Əliyev Vüsal Natiq oğluna, M. Arif küçəsində Təhməzov Afəs Eybulla oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.
Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.