Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Komitə sədri deyib ki, II oxunuşda Razi Nurullayev, Fazil Mustafa, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayevə və digər həmkarları çıxış ediblər.
“Deputat həmkarlarımız qanun layihəsini dəstəkləsə də, bəzi təkliflərlə çıxış ediblər. Hörmətli sədr, sizin təklifinizlə bizim komitə geniş iclas keçirdi və bu deputat həmkarlarımızı da toplantıya dəvət edərək müzakirələr apardıq.
Ümumi yanaşma belə oldu ki, qaldırılan məsələlərin bir hissəsi ümumi problemdir və birbaşa qanunla bağlılığı yoxdur. Digər təkliflərlə bağlı Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə müzakirə aparıldı”, - komitə sədri deyib.
Musa Quliyev daha sonra qeyd edib ki, həmkarlarının qaldırdığı bəzi məsələlərlə əlaqədar qanun layihəsində 4 istiqamətdə dəyişiklik edilib.
Komitə sədrinin təqdimatından sonra qanun layihəsi müzakirəsiz qəbul edilib.