Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən istifadəyə dair treninq keçirilib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, müvafiq qurumların əməkdaşları üçün təşkil olunan treninq zamanı iştirakçılara sistemdən istifadə bacarıqları aşılanıb, onlara bu sistemin məqsədi, onun tətbiqi nəticəsində gözlənilən nailiyyətlər barədə məlumatlar çatdırılıb. Eyni zamanda təlimdə e-imza, e-sənəd haqqında və onlardan istifadəyə dair məlumatlar verilib.
ƏƏSMN tərəfindən yaxın vaxtlarda istifadəyə veriləcək Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Yeni məlumat bazası əlillik müayinələrinin nəticələri ilə bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, həmçinin vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaların aidiyyəti qurumlar tərəfindən elektron qaydada əldə edilməsinə imkan yaradacaq. Bu isə əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaq.
Yeni informasiya sistemi istifadəyə verildikdən sonra eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri barədə məlumatları elektron qaydada əldə edə biləcəklər. Bu isə artıq əlillik müayinələri barədə elektron arayışların verilməsini təmin edəcək.
Treninqin sonunda İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən iştirakçıların İKT biliklərinin qiymətləndirilməsi aparılıb və informasiya sisteminə dair təkliflər müzakirə olunub.
Naibə QURBANOVA